Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı jurnalistin sualına “qadın paltarı” ilə cavab…

Source: Meydan TV

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində həyat yoldaşı, Prezident İlham Əliyevlə birlikdə Almaniyaya səfər edən Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 15-də jurnalist Emin Hüseynovun Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı sual vermək cəhdinə cavab olaraq onun vaxtilə İsveçrə səfirliyində qadın paltarında gizlənməsi ilə bağlı ifadə işlədib.

Emin Hüseynov konfrans zalından çıxan Mehriban Əliyevaya “Azərbaycanda demokratiya ilə bağlı” sual vermək istədiyini bildirib. Mehriban Əliyeva isə ayaq saxlayaraq, “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram”, – deyərək yoluna davam edib.

2014-cü ildə Baş Prokurorluq Emin Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə bağlı cinayət işi açıb, onun ölkədən çıxışına qadağa qoyulub. Hüseynov həmin dövrdə özünün və rəhbərlik etdiyi QHT-nin fəaliyyətinin siyasi motivli təzyiqlərə məruz qaldığını bildirib. Azərbaycan rəsmiləri isə həmin dövrdə cinayət işinin maliyyə pozuntuları ilə bağlı olduğunu iddia ediblər.  Emin Hüseynov mümkün həbsdən yayınmaq və təhlükəsizliyini təmin etmək üçün Bakıdakı İsveçrə səfirliyinin binasında gizlənib. Onun bu addımı isə təhlükəsiz şəkildə ölkəni tərk etmək məqsədi daşıyıb. Hüseynov 2015-ci ildə xaricə mühacirət edib.

“Cavab hakimiyyətin qəzəbini göstərir”

Sosioloq Sənubər Heydərli Meydan TV-yə Mehriban Əliyevanın jurnalistin sualına cavabının əslində, hazırda Əliyevlər ailəsinin çox qəzəbli olmasından xəbər verdiyini deyir:

Sənubər Heydərli, Foto: Turan

“Bu hakimiyyət ailəsi başqa vaxt müstəqil jurnalistlərin suallarını mütləq iqnor edir və reaksiya vermədən keçirlər. Bu dəfə isə hər ikisi də Mehman Hüseynovun onların gəlini Alyona Əliyeva barədə paylaşdığı videolara görə qəzəbli olduqları üçün belə reaksiya verdilər. Mehriban Əliyevanın Emin Hüseynova cavabında jurnalisti alçaltma cəhdi var. Çox təəssüf ki, Birinci vitse-prezident qadın olduğu halda bu alçaltma cəhdini qadınlıq, qadın paltarı üzərindən edir. Bu cavabla həm də onu görürük ki, Azərbaycanda qadın haqları, qadın hüquqları, müxtəlif proseslərdə qadınların rolu haqqında danışmaq Azərbaycan hakimiyyəti üçün nə qədər yaddır”.

Emin Hüseynovun qardaşı, bloger Mehman Hüseynov xeyli müddətdir Prezident ailəsi və xüsusilə ailənin gəlini Alyona Əliyeva haqqında silsilə videolar hazırlayır. Mehman Hüseynov videoları evinin yataq otağında quraşdırılmış gizli videokameralarla intim həyatının beş il ərzində çəkildiyini, fəaliyyətindən çəkinmək üçün necə şantaj olunduğuna cavab olaraq etdiyini bildirib.

Sənubər Heyərli bildirir ki, Birinci vitse-prezidentin bu sözlərindən sonra hansısa beynəlxalq təşkilatda qadınların hüququ haqqında danışması gülünc görünəcək:

“Çünki o, qadın paltarı söhbətini alçaldıcı tona alət edib. Bu da ondan xəbər verir ki, Mehriban Əliyeva elə düşünür ki, bu, nəsə bir əskiklikdir. Biz aksiyalarımızda həmişə “qadın kimi savaş”, “qadın kimi dalaş” kimi ifadələrdən istifadə etmişik. Bu da göstərir ki, bizim üçün “kişi kimi mərd olmaq” anlayışı yoxdur, məhz qadın kimi mərd olmaq vacibdir. Bu məsələ çox əhəmiyyətlidir, çünki hələ də rəsmi dairələr və yüksək mövqedə olan insanlar bu prinsipi tam qavramırlar. Özlərini ultra müasir dünya standartlarına uyğun hesab etsələr də, əslində patriarxal düşüncədən qurtula bilməyiblər”.

“Sənin ölkəndə vəziyyət nə həddə çatıb ki, bir şəxs özünü müdafiə etmək üçün bu cür qrimlənmək məcburiyyətində qalıb?”

Jurnalist Leyla Mustafayeva isə Meydan TV-yə bildirir ki, jurnalistin bu demokratiyanın vəziyyəti ilə bağlı sualına Mehriban Əliyeva elə məhz həmin fikirləri ilə açıq cavab verib. 

Leyla Mustafayeva, foto: VOA
Leyla Mustafayeva, foto: VOA

“Əslində, Mehriban Əliyeva jurnalistə cavabı şəxsi kontekstdə aşağılayıcı tonda oldu. Halbuki, ona verilən sual ölkədə demokratiyanın vəziyyəti ilə bağlı idi. Buradan da bir sual çıxır; sənin ölkəndə vəziyyət nə həddə çatıb ki, bir şəxs özünü müdafiə etmək üçün bu cür qrimlənmək məcburiyyətində qalıb? Mehriban Əliyeva cavabı ilə hamıya onu göstərdi ki, əslində, Azərbaycanda demokratiyanın vəziyyəti elə 2014-cü ildə, repressiya başlayanda necə idisə, elə yenə o gündədir, hətta ondan da çox pisdir”. 

O əlavə edir ki, Mehriban Əliyevanın sözlərini tirajlayan mediaya “media” demək düzgün olmaz:

“Onlar hakimiyyətin mirzələridir. Prezident Adminstrasiyasından hansı göstəriş gəlirsə, onu da icra edirlər. Görünür, bu dəfə onlara göstəriş verilib ki, Mehriban Əliyevanın Birinci vitse-prezident postuna yaraşmayan, alçaldıcı davranışına haqq qazandırmaq və bu fikri tirajlamaq lazımdır. “Mehriban Əliyeva yerində cavab verdi” kimi postların altına yazılan trol şərhlərinin özünü belə analiz edəndə görürsən ki, çoxu bir-birini təkrarlayır. Bu da həmin medialara bir mərkəzdən göstəriş gəlməsindən xəbər verir”.

Ana səhifəSiyasətAzərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı jurnalistin sualına “qadın paltarı” ilə cavab…