Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli Rayon Şöbəsinin üzvü Vüqar Qədirov aclıq aksiyasına başlayıb.
Bu barədə Azadlıq qəzetinə Qədirovun ailəsi məlumat verib.
Ailədən verilən məlumata görə, Vüqar Qədirova təqsirləndirilidiyi cinayət işi üzrə yeni ittihamlar verilib. O, ittihamları qəbul etmədiyindən etiraz olaraq aclıq aksiyasına başlayıb.
Onların sözlərinə görə, fəalın səhhətində problem olsa da, saxlanıldığı cəzaçəkmə müəssisəsi gətirilən dərmanların ona verilməsinə icazə verməyib.
Vüqar Qədirov qanunsuz silah saxlama maddəsi ilə ittiham olunur.
O, ötən il dekabrın 12-də bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdı.
Daha sonra Qədirovun evində və işlədiyi kafedə axtarış aparılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan öncə rusiyameylli təbliğata etiraz etdiyi üçün Vüqar Qədirov Saleh Səmədov adlı şəxs tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmişdi.
Hazırda AXCP-nin partiya sədri də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Partiya bu həbsləri siyasi sifariş kimi qiymətləndirir.