İlham Əliyev: “Dünyada müstəqil media yoxdur”

Foto: Azertac

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində yerli telekanallara müsahibə verib. Müsahibə zamanı müstəqil media nümayəndələrinin Prezidentə yaxınlaşmasına və sual ünvanlamasına imkan verilməyib.

Azərbaycan telekanallarına verdiyi müsahibədə İlham Əliyev bildirib ki, Azərbaycanın əsas mesajı əməkdaşlıq və sülhə çağırışdır. O, bu tədbirdə “artıq sülh əldə etmiş dövlət başçısı” kimi iştirak etdiyini vurğulayıb.

Sülh müqaviləsi ilə bağlı suala cavabında Əliyev deyib ki, sənədin imzalanması Ermənistan Konstitusiyasında dəyişikliklərdən asılıdır. Onun sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşmalar və sülh müqaviləsinin paraflanması “de-fakto sülh” deməkdir, lakin rəsmi imza Ermənistan tərəfinin addımlarından asılıdır.

Prezident həmçinin beynəlxalq hüququn etibarlılığını itirdiyini iddia edərək, yeni dünya nizamının formalaşmaqda olduğunu bildirib. BMT-ni “iflic vəziyyətdə” adlandıran Əliyev, beynəlxalq münasibətlərdə yeni mexanizmlərə ehtiyac yarandığını söyləyib.

Nəqliyyat dəhlizləri ilə bağlı sualı cavablandıran İlham Əliyev Azərbaycanın enerji, nəqliyyat, elektrik və fiber-optik xətləri üzrə regional mərkəzə çevrildiyini deyib. O, ölkənin həm Şərq, həm də Qərb üçün vacib tərəfdaş olduğunu vurğulayıb.

Müsahibə zamanı yalnız dövlətə məxsus və hökumətyönlü telekanalların suallarına cavab verilib. Digər jurnalistlərin Prezidentə yaxınlaşmasına şərait yaradılmayıb. Tədbirdə iştirak edən jurnalist Emin Hüseynov dəfələrlə prezidentə yaxınlaşmağa cəhd etsə də, mühafizəçilər buna imkan verməyib.

Müsahibənin sonunda İlham Əliyev jurnalistlərdən ayrılarkən, Emin Hüseynov kənardan “Cənab Prezident, müstəqil medianın da suallarını cavablandıra bilərsinizmi?” sualını səsləndirib. Prezident isə cavabında “dünyada müstəqil media yoxdur” deyib.

Bundan sonra da jurnalistin Prezidentə yaxınlaşmasına şərait yaradılmayıb.

Ana səhifəSiyasətİlham Əliyev: “Dünyada müstəqil media yoxdur”