ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Yerevanda və Bakıda məhbusların azad olunmasını müzakirə edib.
Vensin sözçüsü bildirib ki, fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə əsasən ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsi, TRIPP layihəsi üzrə müqavilələr və icazələr, eləcə də məhbusların azad olunması kimi etimadyaratma tədbirləri barədə danışılıb.
Açıqlamada hansı məhbusların nəzərdə tutulduğu dəqiqləşdirilməsə də, bu kontekst Bakıda saxlanılan erməni məhbuslara aid ola bilər. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Vensin Yerevana səfəri zamanı Bakıda həbsxanalarda saxlanan erməni məhbusların azad olunması məsələsi müzakirə edilib. Paşinyan jurnalistlərə açıqlayıb ki, danışıqlar “maksimum səssiz” aparılıb:
“Xahiş edirəm, məndən çox detal gözləməyin. Amma deyirəm ki, bu məsələni müzakirə etmişik. Elə bir danışıq yoxdur ki, orada bu mövzuya toxunmayaq”.
Vens Yerevandan Bakıya yola düşməzdən əvvəl də jurnalistlərə deyib ki, Azərbaycandakı erməni məhbusların məsələsi gündəmə gələcək. Lakin vitse-prezidentin İlham Əliyevlə Bakıda görüşündə bu mövzu açıq müzakirə olunub-olunmadığı bəlli deyil. Əliyevlə birgə görüşdən sonra keçirilən mətbuat konfransında Vens jurnalistlərin suallarını cavablandırmayıb.
Yanvarın 14-də Bakıda saxlanılan dörd erməni məhbus Ermənistana qaytarılıb. Ermənistan tərəfi hazırda Azərbaycanda daha 19 erməni məhbusun saxlandığını bildirir. Onların arasında Qarabağdakı keçmiş separatçı qurumun təmsilçiləri də var. Terrorçuluq, soyqırımı, işgəncə və digər maddələrlə təqsirli bilinən şəxslərdən beşinə ömürlük, 10 nəfərə isə 15 ildən 20 ilədək həbs cəzası verilib. Məhbuslar ittihamları qəbul etməyərək bəraət istəmişdilər.