Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitunun rəhbəri Azər Qasımlının cinayət işi üzrə keçirilən məhkəmə istintaqı yekunlaşıb.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə prokuror çıxış edib. O, Azər Qasımlının 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə açıqlamasında bildirib ki, prokurorun tələbi kinayə ilə qarşılanıb.
“Prokuror çıxış edəndə Azərlə bir birimizə baxıb kinayə ilə güldük. Bütün bu məhkəmə prosesi sübutlar olmadan, şahid ifadəsi olmadan, yalnız bir adamın bir sözü əsasında prokuror Azər Qasımlının 13 il həbsini istədi”, – deyə Samirə Qasımlı bildirib.
Samirə Qasımlı deyir ki, Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifova iki dəfə məhkəməyə çağırılsa da gəlməyib. Bundan sonra məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.
“Hakim bildirdi ki, Fərəhbanu Yusifovanın yerini müəyyənləşdirmək mümkün olmayıb. Buna görə də onun məcburi gətirilməsi qərarı ləğv olunub. Azər Qasımlı bildirdi ki, Azərbaycan polis kimi istəsə tapıb gətirə bilir. Əgər gətirmirsinizsə deməli istəmirsiniz”.
Qasımlının sözlərinə görə zərərçəkmiş şəxs kimi tanınan Qurbanəli Yusifovun məhkəmədə daha bir yalnış ifadəsi ortaya çıxıb. Yusifov boşanmağına səbəb olaraq Azər Qasımlını göstərsə də, onların daha əvvəl ayrıldığı bilinib.
“Vəkil Rövşanə Rəhimli vəsatət verərək Qurbanəli Yusifovun hansı səbəbdən boşandığını aydınlaşdırılmasını tələb edib. Bu zaman hakim elektron məhkəmədən baxaraq bildirib ki, Qurbanəli Yusifov iddia qaldıraraq 2022-ci il yanvarın 7-də boşanıb. Halbuki, o deyirdi həyat yoldaşım məndən boşanıb və buna səbəb Azər Qasımlıdır”, – deyə Samirə Qasımlı vurğulayıb.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.