Fatimə Mövlamlı həbsdən yazır: “Həqiqətlə təsadüfi tanışlıq”

Fatimə Mövlamlı. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazı yazıb.

“Facebook” hesabında paylaşılmış yazını olduğu kimi təqdim edirik:

“Səhv tələffüz edilən soyad, xırda bir təsadüf həyatımızı necə dəyişə, ona necə fərqli və təlatümlü istiqamət verə bilər? Mümkündür bu? Bəli, mümkündür. Mənim hekayəm məhz bu cür başlayıb.

2016-cı il, yazın əvvəli. Onda hələ orta məktəbdə oxuyurdum. Bir gün ədəbiyyat müəlliməm, məni tapşırdığı şeiri oxumağım üçün lövhənin qarşısına çağırdı – Əli Kərimin “iki sevgi” şeiri. Qayda belədir ki, lövhə qabağına çıxan şagird əvvəl şeirin müəllifini, ardınca adını, yalnız bundan sonra məzmunu deyir. Mən də həmin gün sözə nizama uyğun başladım:
-Əli Kərimlinin “iki sevgi” şeiri.
“Gözəl qız, sən saf…”
-Əli Kərim, – deyə müəllimə sözümü kəsdi.
-Əli Kərimlidir axı, -mən israr etdim. Yaddaşımın yanıldığını etiraf etməkdən həmişə çəkinmişəm.
-Əli Kərimli siyasətçidir, dediyin şeirin müəllifi isə şair Əli Kərimdir, – müəllimə qısa və aydın izah verdi.
Mübahisə beləcə bitdi. Amma bu ad bənzərliyi fikrimi məşğul etməyə davam elədi. Axşam evə qayıdanda sırf maraq üçün internetdə bu adı axtarışa verdim: Əli Kərimli.

Sadəcə bir ad soraqlamaqla qarşıma vətəndaşı olduğum ölkənin real mənzərəsi çıxdı. Mən harada yaşayırmışam belə? O axşam saatlarla Əli Kərimlinin müsahibələrini dinlədim, yazılarını oxudum. Seçki saxtakarlığından, büdcədən oğurlanıb ofşorlara daşınan milyardlardan, polis zorakılığından, siyasi məhbuslardan danışırdı. Bu, mənim həqiqətlə təsadüfi tanışlığım idi. Öyrəndiklərim isə qərar verməyimə kömək elədi: yaxşı və faydalı, ən əsası da doğru bir işlə məşğul olacaqdım. Həyatımın bundan sonrası zəncirvari surətdə və tam qanunauyğunluq içərisində davam elədi: İctimai fəaliyyət, siyasi aktivizm, jurnalistikaya keçid, özünü tamamilə peşəyə həsr eləmə, peşəkarlaşmaqdan ötrü səy göstərmək, həqiqətdən heç bir halda güzəşt verməmək və nəhayətində siyasi məhbusluq dövrü. Bəli, bəli, bəli, inanmaq nə qədər çətin olsa da, mənim həyat yolumu müəyyənləşdirən hadisə danışdığım kiçik təsadüfdən ibarətdir.

Ötən gün AXCP sədri Əli Kərimlinin, onun müşaviri və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadıldı. Yeri gəlmişkən, bu, Məmməd İbrahimin artıq üçüncü uzunmüddətli həbsidir (daha əvvəllər onlarla inzibati qaydada da həbs edilib).

Onlar üçün bu biçilən şərin əyinlərinə uyğun gəlmədiyi azacıq dərrakəsi olan hamıya aydındır. Meydiyevsayaq barəsində ev, iş, pul umub mədhiyyə yazılan şəxslə, Kərimli kimi yanında dayananların payına ancaq həbs və işgəncə düşən adamın adının sadəcə yanaşı çəkilməsi belə ağlasığmazdır. Hökumətin şərləyib həbs etdirdiyi oppanenti barəsində “günahsızdır” deməyini, əlbəttə, gözləmirəm. Yaxşı ki, quraşdırdıqları cinayət işlərində sərişətsiz yalançılıqları ilə özlərini ələ verirlər.

Həqiqəti tapan və onu hamıya bəyan etmək üçün çalışan insanların yolu Azərbaycan təhər avtoritar ölkələrdə gec, ya da tez həbsxanadan keçir! Necə ki, Əli Kərimli bu gün o məhbəs kameralarından birindədir. Həbs- sadəcə bir divardır. Əli bəyi o divarın arxasında gizlədə, gözdən uzaq olsa, könüldən də iraq düşəcəyinə ümid edə bilərlər, lakin əbəsdir. Onun mübarizəsi, fədakarlıqları, ölkənin ildən-ilə avtoritarizmin tikanlı məftilləri ilə daha sıx qapadılması fonunda susmaması parlaq nümunə, ruhlandıran örnəkdir. AXCP sədri Əli Kərimlinin də, həbsdəki digər siyasi məhbusların da tezliklə haqları olan azadlıqlarına qovuşacaqlarına inanıram.

Sonuncu, təcridxanada keçirdiyim doğum günüm münasibəti ilə məni təbrik edən Əli Kərimli elə yazmışdı: “Məhz həqiqət axtarışı Fatimə Mövlamlını jurnalistikaya, jurnalistikadan da həbsə apardı”.

Mən bu axtarışa məhz sizinlə başladım, bəy. Xatircəməm ki, bundan sonra hələ çox gəncə həqiqəti axtara bilmək üçün təkan verəcəksiniz”.

Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası

Ana səhifəHəbsxanadan məktublarFatimə Mövlamlı həbsdən yazır: “Həqiqətlə təsadüfi tanışlıq”