Vens Bakıda: Strateji Tərəfdaşlıq Xartiyası imzalandı, siyasi məhbuslar məsələsi isə açıq qaldı

Foto: president.az

Fevralın 10-da ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıya rəsmi səfərə gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə və ardınca təkbətək görüşüb.

Vens geniş tərkibli görüşdən öncə deyib ki, iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanacaq.

O, jurnalistin Azərbaycanda həbsdə olan onlarla fəal və jurnalistin məsələsini qaldırıb-qaldırmayacağı barədə sualını cavablandırmayıb. Jurnalistlər otaqdan çıxarılanda Vens və Əliyev bir-birinə baxaraq gülümsəyiblər

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalandığı açıqlanıb. Sənəd iki ölkə arasında münasibətləri institusional və uzunmüddətli çərçivəyə salmağı, əməkdaşlığı konkret mexanizmlər üzərindən inkişaf etdirməyi nəzərdə tutur.

Xartiyada tərəfdaşlığın əsas prinsipləri kimi Azərbaycan və ABŞ-nin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması qeyd olunur. Sənəd nəqliyyat və logistika sahəsində Orta Dəhlizin inkişafını, eləcə də əsas tranzit marşrutlarından biri kimi TRIPP layihəsinə dəstəyi əhatə edir.

Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində tərəfdaş kimi rolunun gücləndirilməsi də Xartiyada yer alan istiqamətlərdəndir. Bundan başqa, ticarət və investisiyaların artırılması, biznes mühitinin yaxşılaşdırılması və özəl sektorun əməkdaşlığa cəlb edilməsi prioritet kimi göstərilir.

Sənəddə süni intellekt və rəqəmsal texnologiyalar, o cümlədən məlumat mərkəzləri və rəqəmsal infrastrukturun inkişafı, innovasiya və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, elmi-tədqiqat və texnologiya startaplarına dəstək məsələləri də əksini tapıb.

Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizə, eləcə də texnologiya və maliyyə dəstəyi vasitəsilə Azərbaycanda humanitar mina təmizləmə fəaliyyətinə yardım Xartiyanın əsas istiqamətləri sırasında qeyd olunur. Sənədin icrası üçün yol xəritələrinin hazırlanması, işçi qruplarının yaradılması və mütəmadi strateji dialoq mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Prezident İlham Əliyev mətbuata birgə bəyanatında bildirib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda Prezident Donald Trampla keçirilən görüş və Strateji Tərəfdaşlıq Xartiyası üzərində işləyən işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açıb. Əliyev ABŞ ilə strateji tərəfdaşlığın qurulmasını Azərbaycan üçün mühüm addım kimi qiymətləndirib.

Əliyev deyib ki, onlar nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırıblar, o cümlədən özləri Ermənistana neft məhsullarının ixracına başlayıblar: “Bu da əslində ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir”.

“Ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regiondakı göstərdiyi səylərdən biri TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Azərbaycanla Naxçıvan eksklavı arasında Ermənistan ərazisindən keçməklə əlaqəsi yaradacaq) layihəsidir, Tramp marşrutu layihəsidir”, – o əlavə edib.

Prezident habelə söyləyib ki, Azərbaycanla ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur:

“Biz həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcəyik. Antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq”.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens isə çıxışında deyib ki, TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq. Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlığına təkan verəcək. Əlavə edib ki, bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq, daha çox bazarlara çıxışı təmin edəcək:

“Bu isə regionda elə bir şərait yaradacaq ki, xalqlar toqquşmasın, əməkdaşlıq etsin. Bu, ABŞ Prezidentinin üzərimizə qoyduğu hədəfdir. Biz bunu icra edirik və çalışırıq belə tədbirlər keçirməklə bir-birimizə yardımçı olaq”.

Bakı və Yerevan ötən il avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar. Ötən altı ay ərzində iki ölkə arasında müəyyən iqtisadi əlaqələr bərpa olunub.

Vens bir gün öncə, fevralın 9-da Yerevana səfər edib və rəsmi görüşlər keçirib. ABŞ və Ermənistan arasında nüvə sahəsində əməkdaşlıq və dron satışı ilə bağlı sənədlərin imzalandığı açıqlanıb.

Vens bu gün, fevralın 10-da Ermənistandan Azərbaycana uçarkən hava limanında jurnalistlərin suallarını cavablandırıb. O, Bakıda erməni məhbusların məsələsini qaldıracağını deyib. Yanvarın 14-də Bakıda saxlanılan dörd məhbus Ermənistana qaytarılıb. Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun saxlanıldığını deyir. Qarabağdakı keçmiş separatçı qurumun təmsilçiləri və onlarla mühakimə edilənlərdən ibarət 16 nəfər də bu siyahıya aid edilir. Terrorçuluq, soyqırımı, işgəncə və digər maddələrlə təqsirli bilinən həmin şəxslərdən beşinə ömürlük, 10-na 20 ildən 15 ilədək həbs cəzası kəsilib. Onlar ittihamları qəbul etməyib bəraət istəmişdilər.

Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan isə ayrılıqda mühakimə edilir.

Rəsmi məlumatlara görə, regiona səfər ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsləri və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) çərçivəsində həyata keçirilir.

ABŞ-nin bir sıra siyasətçiləri və insan haqları təşkilatları isə Vensdən Azərbaycan rəsmiləri ilə görüşdə siyasi məhbusların azad edilməsini qaldırmasını istəyiblər.

Ana səhifəSiyasətVens Bakıda: Strateji Tərəfdaşlıq Xartiyası imzalandı, siyasi məhbuslar məsələsi isə açıq qaldı