Ramiz Mehdiyevin və köməkçisinin barəsindəki qətimkan tədbirinin müddəti uzadılıb

Ramiz Mehdiyev, Mənbə: https://science.gov.az/

Fevralın 10-da Səbail Rayon Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı növbəti məhkəmə iclası keçirilib.

Məhkəmənin qərarı ilə Ramiz Mehdiyevin ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.

Bundan əvvəl Mehdiyev 2025-ci oktyabrın 4-də barəsində açılmış cinayət işi ilə əlaqədər olaraq 4 ay müddətinə ev dustaqlığı həbs qətimkan tədbiri almışdı.

Ramiz Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilirdi.

DTX tərəfindən bu cinayət işi ilə əlaqədar həbs edilmiş Ramiz Mehdiyevin köməkçisi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirovun da həbs müddəti uzadılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay artırılıb. 

Ramiz Mehdiyev 1995-2019-cu illərdə  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyət göstərib. 

Bu cinayət işi üzrə həbs edildikləri deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də həbs qətimkan tədbirinin müddəti ötən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə daha 4 ay uzadılıb. 

Hər iki siyasətçi ötən il noyabrın 29-da DTX tərəfindən saxlanılıb, onlara qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb.

Hökümətyönlü mediada AXCP sədrinin və partiyanın Rəyasət Heyətinin üzvünün həbsinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğu bildirilir.

Ana səhifəSiyasətRamiz Mehdiyevin və köməkçisinin barəsindəki qətimkan tədbirinin müddəti uzadılıb