“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağa Bakı İstintaq Təcridxanasından yazır.
Dünyanın elə bir dövründə yaşayırıq ki, cəmiyyətlər və xalqlar “dövlətin maraqları, yoxsa fərdin azadlığı” kimi antagonizm qarşısında seçim etməyə məcbur qalırlar.
Demokratiyanın ən bəsit elementlərinin belə olmadığı Şərqin avtoritar ölkələrində hansısa şəxsin və ya qrupun maraqları “milli” və ya “dövlət maraqları” kimi təqdim olunur. Bu təbliğatın əsas hədəfi isə fərdin, vətəndaşın azadlıqlarının məhdudlaşdırılmasıdır.
Doğrudanmı fərdin azadlıqları bu qədər önəmsizdir?
2025-ci il Azərbaycanda Konstitusiya və Suverenlik ili kimi yadda qaldı. Lakin 300-dən artıq siyasi məhbusun olduğu, medianın və vətəndaş cəmiyyətinin sıradan çıxarıldığı bir ölkədə Konstitusiya sadəcə statistik bir tarixə çevrilir. Çünki Konstitusiya vətəndaşın hüquqlarını qoruyacaq qədər işlək deyil.
Hakimiyyətlərin suverenlik anlayışı aydındır: dövlətin maraqları. Onların yanaşmasında fərdin azadlıqları heç bir əhəmiyyət daşımır. Çünki avtoritar ölkələrdə dövlət elə avtokratın özüdür. İstənilən mühafizəkar və millətçi cəmiyyətlərdə avtoritarlar öz maraqlarını dövlət maraqları kimi cəmiyyətə asanlıqla qəbul etdirə bilirlər. Belə cəmiyyətlərdə dövlətin və hakimiyyətin “xeyri” ilə bağlı müzakirələr də manipulyasiyadan başqa bir şey deyil.
Bəs Konstitusiya nədir? Ümumiyyətlə, vətəndaş Konstitusiyanın nə olduğunu bilirmi?
Amerikalı individualist filosof Ayn Rand bunu belə xarakterizə edir: “Konstitusiya fərdin azadlıqlarını dövlətin təhdid və zorakılıqlarından qoruyan hüquqi aktdır.”
Təcrübə göstərir ki, fərdin azadlıqları qorunmayan dövlətlər və cəmiyyətlər olduqca kövrək olurlar. Başqa sözlə desək, fərdin azadlıqları cəmiyyətin və dövlətin sinir sistemidir; kiçik bir zədə belə iflicə səbəb ola bilər. Hətta heç bir ideologiya (İranda baş verən son etirazlar) və ya ən qəddar idarəetmə forması (Əsəd rejimi) bunun qarşısını ala bilmir. Ona görə də fərdin azadlıqları heç bir halda gözardı edilə bilməz.
Bəs siyasi nəzəriyyələr nə deyir?
İfrat dövlətçi (etatist) və millətçi təfəkkürə görə, azadlıq yalnız dövlətə məxsusdur. Solçulara görə isə azadlıq insanların yalnız maddi tələblərinin yerinə yetirilməsi ilə məhdudlaşır. Halbuki biz fərdin azadlığını əsas götürən liberal düşüncəyə söykənməliyik.
Yeri gəlmişkən, Şərqdə demokratik dəyərlərin önə çıxarılmasını əngəlləyən əsas amillərdən biri də cəmiyyətlərin mühafizəkar düşüncəsi, bu düşüncənin formalaşdırdığı mental və inanc sistemləri, eləcə də tabulardır. Buna görə də Şərqdə kollegial müzakirə mühitindən çox “ağsaqqal məsləhəti”nə və “xilaskar ata” obrazına ehtiyac duyulur. Burada inkarçılıq qiyam və xəyanət kimi qəbul edilir.
Bütün Şərq idarəçiliyi və düşüncə tərzinin dialektikası budur: ağa və qul. Aristotelin təbirincə desək, burada ağa qulun, qul isə ağanın həqiqətidir. Ağa-qul təfəkkürü üzərində formalaşmış ictimai münasibətlər sorğunu və müzakirəni inkar edir. “Ağa deyir, sür dərəyə – sür” dəyişməz və sabit tezisdir.
Bu səbəbdən də “xilaskar ata” obrazı axtaran cəmiyyətlərdə torpaq ana, demokratiya isə ögey ana, daha açıq desək, pozğun qadın kimi assosiasiya olunur. Belə cəmiyyətlərdə yollar gələcəyə – Romaya deyil, mağaraya, yəni keçmişə aparır. Burada qazanan bir nəfərdir, itirən isə milyonlar.
Demokratiya isə fərdin azadlığı, kollegial müzakirə və bir nəfərə “yox” deməkdir.
Bir sözlə, xilaskarımızın adı “Yox” dur.
Şəmşad Ağa