Vensin Bakıya gəlişi: Siyasi məhbusların azadlığı tələbləri artır

Kollaj: Meydan TV

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri ərəfəsində Azərbaycanda həbsdə olan siyasi məhbusların azad olunması ilə bağlı ona ünvanlanan çağırışlar davam edir.

ABŞ Senatının Demokrat Partiyasından olan iki üzvü vitse-prezident Ceyms Devid Vensin Bakıya planlaşdırılan səfəri ərəfəsində ona Azərbaycanda həbsdə saxlanılan jurnalistlərlə bağlı müraciət edib.

Senatorlar Vensi AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə və Amerikanın Səsi ilə əməkdaşlıq etmiş Ülviyyə Əlinin (Quliyeva) azadlığa buraxılması məsələsini Azərbaycan hakimiyyəti qarşısında qaldırmağa çağırırlar.

Senatın Xarici əlaqələr komitəsinin aparıcı üzvü  Cinn Şahin “X” platformasında paylaşdığı müraciətində bildirib ki, Vens Bakıya səfəri zamanı haqsız həbs edildiyi deyilən iqtisadçı alim Qubad İbadoğlu, jurnalistlər Fərid Mehralızadə və Ülviyyə Əli, həmçinin media üzrə ekspert Ələsgər Məmmədlinin azad olunmasını tələb etməlidir.

Digər senator, Büdcə və Xarici Əlaqələr komitələrinin üzvü Kris Van Hollen isə vitse-prezidentə ünvanladığı məktubda ABŞ ilə əlaqəli media qurumlarında çalışmış Ülviyyə Əli və Fərid Mehralızadənin həbslərinə diqqət çəkərək onların dərhal azadlığa buraxılması üçün səylərin artırılmasını istəyib.

Van Hollen qeyd edib ki, bu jurnalistlər heç bir qanunsuz əməldə ittiham olunmamalıdırlar və yalnız ABŞ tərəfindən dəstəklənən media strukturlarında fəaliyyət göstərdiklərinə görə cəzalandırılıblar. O, Ülviyyə Əlinin saxlanılma zamanı zorakılığa məruz qaldığını və səhhətində problemlər yarandığını, Fərid Mehralızadənin isə ilk övladının dünyaya gəldiyi anda ailəsinin yanında ola bilmədiyini vurğulayıb. Senator həmçinin Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarovanın hazırda başqa bir cinayət işi ilə üz-üzə qaldığını da xatırladıb.

“Müstəqil jurnalistlərə və onların ailələrinə bu cür münasibət nə vicdana, nə də ABŞ ilə tərəfdaşlıq iddiasında olan bir ölkəyə yaraşır. Bu addımlar etimadı sarsıdır, insan ləyaqətini alçaldır və regionda sülhə xidmət etmir. İnsanlar ABŞ ilə əlaqələrinə görə girov kimi saxlanılmamalıdır. Ülviyyə Əli və Fərid Mehralızadə törətmədikləri əməllərə görə həbsdə deyil, ailələrinin yanında olmalıdırlar. Azərbaycan rəsmiləri ilə görüşlərinizdə onların azadlığa buraxılması üçün qətiyyətli mövqe nümayiş etdirməyinizi xahiş edirəm”, – məktubda bildirilir.

ABŞ Konqresinin Virciniyadan olan üzvləri – konqresmen Ceyms Uolkinşou və senator Tim Keyn də Vensin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində ona məktub ünvanlayıblar. Məktubda Vensdən iqtisadçı Qubad İbadoğlunun həbsi və ümumilikdə Azərbaycandakı insan hüquqları vəziyyətini Azərbaycan hakimiyyəti qarşısında qaldırması istənilib. Müraciəti senator Mark Uorner, konqresmenlər Bobby Skott, Don Bayer, Cennifer MakKlellan, Suhas Subramanyam və Yucin Vindman da imzalayıblar.

“Freedom House” beynəlxalq insan haqları təşkilatı da “X” hesabında paylaşım edərək vitse-prezidenti Bakıya səfəri zamanı Azərbaycan hakimiyyəti qarşısında iqtisadçı Qubad İbadoğlu, jurnalistlər Fərid Mehralızadə və Ülviyyə Əli daxil olmaqla bütün siyasi məhbusların azad olunması məsələsini qaldırmağa çağırıb.

“Bütün siyasi məhbuslar dərhal və heç bir şərt olmadan azad edilməlidir. #HamısınıAzadEt”, – deyə paylaşımda vurğulanıb.

ABŞ Konqresinin üzvü, demokrat konqresmen Cim MakQovern də daha əvvəl Vensi Bakıya səfəri çərçivəsində vicdan məhbuslarının azadlığa buraxılması üçün diplomatik səylər göstərməyə çağırmışdı.

Adları çəkilən jurnalistlər və hazırda Azərbaycanda həbsdə olan onlarla digər media nümayəndəsi və ictimai fəal müxtəlif cinayətlərdə ittiham olunsalar da, bu ittihamları qondarma sayır və həbslərinin tənqidi fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Rəsmi qurumlar isə ölkədə siyasi motivli həbslərin olmadığını, bütün fundamental hüquqların təmin edildiyini iddia edir və həmin şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirirlər. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 340 siyasi məhbus var.

Vensin bu gün, fevralın 10-da Bakıya gələcəyi gözlənilir. O, bir gün öncə, fevralın 9-da Yerevanda rəsmi görüşlər keçirib. ABŞ və Ermənistan arasında nüvə sahəsində əməkdaşlıq və dron satışı ilə bağlı sənədlərin imzalandığı açıqlanıb.

Rəsmi məlumatlara görə, regiona səfər ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsləri və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) çərçivəsində həyata keçirilir.

Ana səhifəSiyasətVensin Bakıya gəlişi: Siyasi məhbusların azadlığı tələbləri artır