Sabiq deputat və Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.
Yerli medianın yazdığı xəbərə görə, o, uzun müddət davam edən xəstəlikdən sonra bu gün Ankarada dünyasını dəyişib. Ağamalının ölüm xəbərini qızı, deputat Günay Ağamalı da təsdiqləyib.
Fəzail Ağamalı 1990-cı ildən Ana Vətən Partiyasına rəhbərlik edib və bu partiyanın simalarından biri kimi tanınıb. Bir müddət əvvəl partiyada sədr vəzifəsi uğrunda onun övladları arasında mübahisə ictimai müzakirələrə səbəb olmuşdu.
O, müxtəlif illərdə dövlət vəzifələrində çalışıb. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi olub. 1994-cü ildə istefa verib.
Fəzail Ağamalı 1995–2024-ci illər arasında ardıcıl olaraq 6 çağırış Milli Məclisin deputatı olub.
2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Fəzail Ağamalı ilə digər deputat Hüseyn Abdullayev arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu.