Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev Qəzza üzrə Sülh Şurasının sammitində iştirak etmək üçün Vaşinqtona gedəcəklər.
ABŞ-də yaşayan azərbaycanlı jurnalist Aleks Raufoglu “X” sosial şəbəkəsində mənbələrinə istinadən görüşün fevralın 19-da olacağını yazıb.
Daha öncə Axios nəşri ABŞ rəsmisinə istinadla yazmışdı ki, Tramp administrasiyası bu görüşdən Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsini təşviq etmək və regionun bərpası üçün vəsait cəlb etmək məqsədilə istifadə etməyi planlaşdırır.
ABŞ rəsmisi bildirib ki, bu, Sülh Şurasının ilk iclası və Qəzzanın bərpası üçün vəsait toplama konfransı olacaq.
Qeyd olunur ki, sammitlə bağlı planlar hələ ilkin mərhələdədir və dəyişdirilə bilər. Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib.
ABŞ Prezidenti Donald Tramp bu il yanvarın 16-da Qəzzada Sülh Şurasının yaradılacağını elan edib. Məlumata görə, Şuranın əsas məqsədi bölgədə sabitlik yaratmaq, qanuni idarəçiliyi bərpa etmək və beynəlxalq qüvvələri sektora cəlb etməkdir.
Ağ Ev açıqlayıb ki, Şuranın tərkibinə ABŞ-nin dövlət katibi Marko Rubio, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer daxildir.
Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampın yaratdığı Sülh Şurasına təsisçi üzv dövlət olmaqla bağlı dəvəti qəbul ediblər.