Prezident İlham Əliyev Tahir Budaqovu Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edib.
Bununla bağlı sərəncam fevralın 9-da imzalanıb.
Digər sərəncamla Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
61 yaşlı Budaqov Nəsimi rayonunun icra başçısı postunda Elxan İbrahimovu əvəz edəcək. İbrahimov ötən il dekabrın 29-da vəzifədən azad edilmişdi. O, bu posta cəmi 47 gün əvvəl təyin olunmuşdu və qısa müddətdə işdən çıxarılması mediada müzakirələrə səbəb olmuşdu.
Tahir Budaqov müxtəlif illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Prezident Administrasiyasında şöbə müdirinin müavini, eləcə də Nizami rayonunun icra başçısı vəzifələrində çalışıb. O, 2015-ci ildən Dövlət Statistika Komitəsinin sədri idi.
Budaqov uzun illərdir Yeni Azərbaycan Partiyasının rəhbər strukturlarında yer alır və bir neçə dövlət mükafatı ilə təltif olunub.
DSK-nın açıqladığı rəqəmlər onun rəhbərlik etdiyi dövrdə və ondan əvvəl uzun illərdir müstəqil ekspertlər tərəfindən şübhə ilə qarşılanır. Ekspertlərin fikrincə, Komitə sovet dövründə olduğu kimi hökumətin maraqlarına uyğun statistika təqdim edir. DSK isə bu tənqidləri qəbul etmir və əsassız sayır.