Ermənistanın Xarici Kəşfiyyat Xidməti Azərbaycanda həbsdə saxlanılan sülh fəalı və akademik araşdırmaçı Bəhruz Səmədovun bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə iddiaların həqiqətə uyğun olmadığını bildirib.
Rəsmi cavab fevralın 6-da erməni jurnalist Jerayr Voskanyanın sorğusuna cavab olaraq verilib. Jurnalist müraciətində dövlətə xəyanət ittihamı ilə məhkum edilmiş Səmədovun ittiham aktında qeyd olunduğu kimi, Ermənistan kəşfiyyatına bağlı olduğu iddia edilən üç erməni qadın tərəfindən ələ alındığı iddiasının doğruluğunu dəqiqləşdirmək istəyib.
Xidmət isə sözügedən şəxslərlə heç vaxt əlaqənin olmadığını bildirib. Bu açıqlama Yerevanın Səmədovun guya Ermənistana işləməsi iddialarına dair verdiyi ilk rəsmi mövqe hesab olunur.
Çexiyanın Karlov Universitetində doktorantura təhsili alan Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, 2025-ci il iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.
Səmədov ötən ilin aprelində Baş nazir Nikol Paşinyana müraciət edərək, onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmədiyini açıq şəkildə bəyan etməsini xahiş etmişdi.