Saleh Məmmədov vəzifədən çıxarıldı: Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr təyin olundu

Source: Prezident.az

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdirilib.

Belə ki, fevralın 6-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Saleh Ərşad oğlu Məmmədov Agentliyin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının imzaladığı digər sərəncamla bu vəzifəyə Vüsal Zakir oğlu Nəsirli təyin olunub.

68 yaşlı Saleh Məmmədov uzun illər yol təsərrüfatı sahəsində rəhbər vəzifələrdə çalışıb. O, 2015-ci ildən əvvəl “Azəryolservis” ASC-də sədr müavini olub, daha sonra həmin quruma rəhbərlik edib. 2016-cı ildə qurumun adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb və Saleh Məmmədov bu struktura da rəhbərlik edib. Saleh Məmmədov bu vəzifədə olarkən jurnalistlərin korrupsiya araşdırmalarında onun adına tez-tez rast gəlmək olurdu.

Saleh Məmmədovun yerinə təyin olunan 48 yaşlı Vüsal Nəsirli 2018-ci ildən bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Ana səhifəSiyasətSaleh Məmmədov vəzifədən çıxarıldı: Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr təyin olundu