Azərbaycan Rusiyaya nota verib

Rusiya-Azərbaycan. Foto: GoodIdeas/shutterstock

Azərbaycan Rusiyaya etiraz notası təqdim edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazilriyinin yaydığı məlumatda deyilir. 

Məlumata görə, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov fevralın 6-da Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilir ki, səfirə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin bir gün öncə, fevralın 5-də yaydığı bəyanata görə kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

XİN-nin açıqlamasında bildirilir ki, Rusiya tərəfi “bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycan–Rusiya münasibətlərinə zərbə vurmağa çalışan” Konstantin Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.

Fevralın 5-də Bakı Hərbi Məhkəməsi tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın keçmiş rəhbərləri və digər təqsirləndirilən şəxslər barədə hökm elan edib. Onlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü çərçivəsində müharibə və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən terrorçuluq və soyqırımı ittihamları ilə mühakimə olunublar. Araik Harutyunyan və bir neçə keçmiş vəzifəli şəxs ömürlük həbs cəzası alıb, Arkadi Qukasyan və Bako Saakyan isə yaş həddi nəzərə alınaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlərə 15–19 il arası həbs cəzaları verilib.

Zatulin “Dağlıq Qarabağ Respublikası”nın rəhbərlərinin Bakıda keçirilən məhkəmə prosesini “özbaşınalıq və xəyanətin rüsvayçı təntənəsi” adlandırıb.

Ana səhifəSiyasətAzərbaycan Rusiyaya nota verib