Özünü azərbaycanlı biznesmen kimi təqdim edən Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
Profit.ro portalının dərc etdiyi məlumata görə, bu layihə Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.
Ü.Abuzərlinin sahibi olduğu “Memaar Capital” şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.
Şirkət hazırda Rumıniya bazarında üç yaşayış kompleksində ümumilikdə 86-dən çox evə sahib olduğunu bildirir.
Yeni alınan Pipera layihəsində hər biri təxminən 134 m² sahəyə malik, iki mərtəbəli 40 villa yerləşir.
Ümid Abuzərli kimdir?
Ümid Abuzərli YAP gənclər təşkilatının ofis koordinatoru olub, dövlət qulluqçusu, Diaspora üzrə Dövlət Komitəsində Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb. O, həmçinin Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentidir.
Atası Tahir Kərimov isə 2011-ci ildə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 2016-cı ildə isə bu vəzifədən azad olunmuşdu. Bundan əvvəl o həmçinin 2006–2011-ci illər arasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) Azərbaycan hakimiyyətinin daha əvvəl üzə çıxardığı genişmiqyaslı “Azərbaycan” çirkli pulyuma mexanizmləri (laundromat) çərçivəsində 3 milyardlıq korrupsiya əməliyyatı barədə məlumatları dərc etmişdi. Həmin əməliyyatlarda məhz Kərimovlar ailəsinin adı var idi.
Biznesmen özü isə yerli mətbuata açıqlamasında bildirib ki, iddialar əsassızdır.
“Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, – Ümid Abuzərli bildirib.