AXCP-nin daha bir fəalı saxlanılıb

AXCP fəalı Elmar Fərzəliyev – Foto: şəxsi Facebook səhifəsi

Fevralın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Quba şöbəsinin fəalı Elmar Fərzəliyev Quba polisi tərəfindən saxlanılıb. 

Bu barədə partiyadan məlumat verilib. 

Partiya üzvlərinin sözlərinə görə, Fərzəliyev fevralın 3-də narkoloji analiz üçün aidiyyatı laboratoriyaya aparılıb. 

Hələlik onun hansı maddə ilə ittiham olunduğu ilə bağlı məlumat yoxdur. 

Partiyadan ehtimal edirlər ki, ola bilsin Elmar Fərzəliyevi narkotiklə şərləsinlər. 

Fevralın 2-si səhər saatlarından partiyanın daha bir üzvü Orxan Baxışlıdan xəbər almaq mümkün olmayıb. Fevralın 3-ü o, Xətai Məhkəməsinin qərarı ilə 30 sutka həbs olunub. 

Hazırda AXCP sədri Əli Kərimli və partiyanın 30-a yaxın üzvü həbsdədir. 

Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs olunublar.

Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.

Ana səhifəSiyasətAXCP-nin daha bir fəalı saxlanılıb