AXCP fəalına 30 sutka inzibati həbs verilib

Yenilənib

Orxan Baxışlı – Foto: şəxsi Facebook səhifəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin fəalı Orxan Baxışlı bu gün, fevralın 3-də Xətai rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Ona İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

AXCP və ailəsi dünən səhərdən etibarən ondan xəbər ala bilmirdi.


Fevralın 2-i səhər saatlarından etibarən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin fəalı, keçmiş siyasi məhbus Orxan Baxışlıdan xəbər yoxdur.

Partiyadan verilən məlumata görə, iki gündür Baxışlının harada olması barədə məlumat ala bilmirlər. 

Məlumata görə, Orxan Baxışlı ötən gün səhər saatlarında bir tanışı ilə görüşmək adı ilə evdən çıxıb və bundan sonra onunla əlaqə kəsilib. Fəalın ailəsi onun yoxa çıxması barədə müvafiq qurumlara müraciət etsələr də, heç bir cavab ala bilməyiblər.

Partiya hesab edir ki, AXCP-yə qarşı olan təzyiqlər fonunda Orxan Baxışlının şərlənərək həbs olunması ehtimalı yüksəkdir. 

Orxan Baxışlı bir neçə dəfə həbs olunub. O, 2018-ci il mayın 6-da saxlanılaraq CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama və ya daşıma) maddəsilə ittiham olunub. Orxan Baxışlı ittihamın saxta olduğunu, Elmlər Akademiyasının bağında getdiyi yerdə polislər tərəfindən saxlanılaraq idarəyə gətirildiyini və cibinə narkotik atıldığını bildirib.

2018-ci ilin 18 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Baxışlı 6 il azadlıqdan məhrum edilib. 2019-cu il iyunun 4-də Ali Məhkəmə O.Baxışlının cəzasını 3 ilə endirilməsi haqda qərar qəbul edib. O, 2021-ci ilin martında azadlığa buraxılmışdı.

Fəal 2023-cü ilin oktyabrında isə 20 sutka həbs olunub. Baxışlı İnzibati Xətalər Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib. O, həbsindən bir gün əvvəl İlham Əliyevin 20 illik prezidentliyini tənqid edən status yazmışdı. 

Ana səhifəSiyasətAXCP fəalına 30 sutka inzibati həbs verilib