Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralda Azərbaycana rəsmi səfər edəcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Partiya sədrinin “Facebook” hesabında dərc olunan müraciətdə Vensin Azərbaycana gəlişinin mühüm hadisə olduğu qeyd edilib.
“Şübhəsiz ki, bu səfər bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə öz töhfəsini verəcək, digər tərəfdən TRİPP marşrutunun reallaşmasını sürətləndirəcək. Eyni zamanda Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması gözlənilir ki, bu da mənim təqdir etdiyim məsələdir. Bizim partiya proqramımızda da nəzərdə tutulub ki, Azərbaycanla ABŞ nəinki strateji tərəfdaş, hətta müttəfiq olsunlar”, – Əli Kərimli qeyd edib.
Partiya sədri vurğulayıb ki, Vensin səfəri eyni zamanda Azərbaycanda həbslərin daha çox baş verdiyi vaxta təsadüf edir:
“Çox təəssüf edirəm, vitse-prezident Vensin səfəri elə bir vaxta düşür ki, Azərbaycanda repressiyalar öz zirvəsinə çatıb. 340 nəfərə ictimai-siyasi fəal siyasi mövqeyinə görə həbs edilib, rejim ölkədə azad mətbuatın, vətəndaş cəmiyyətinin və müxalifətin məhv edilməsinə çalışır. Ona görə də belə bir vaxta düşən səfər zamanı çox ümid edirəm ki, Vens İlham Əliyevlə görüşündə Azərbaycanda insan hüquqları və azadlıqlarının hazırkı durumunu, demokratik institutların vəziyyətini və ümumiyyətlə, ölkədə demokratik açılım mövzularını da müzakirə edəcək”.
Yanvarın 24-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Ceyms Devid Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək. Onun sözlərinə görə, səfərin məqsədi sülh təşəbbüsünü gücləndirmək, TRIPP marşrutunun inkişafını davam etdirməkdir.
Əli Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Hökümətyönlü media onun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinə görə saxlanıldığını yazır.