Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) saxladığı üç nəfər Azərbaycan vətəndaşının hücum planlaşdırdığı səfirliyin adı açıqlanıb.
Bu barədə İsrail mətbuatı “Ynetnews” məlumat verib.
Məlumata görə, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Bakıdakı İsrail səfirliyinə qarşı planlaşdırılmış terror hücumunu qarşısını alıb. Bu məlumat, İsrailin Xarici İşlər Naziri Gideon Sa’arın böyük bir işgüzar nümayəndə heyəti ilə Azərbaycana səfərindən bir gün sonraya təsadüf edib.
DTX-nın bu gün yaydığı məlumatda saxlanılan şəxslərin dini motivlərlə terror aktı hazırlamaq niyyətində olduqları və İŞİD-in “Vilayəti-Xorasan” qruplaşması ilə əlaqədə olduqları qeyd edilib. Onlar hücum üçün silah kimi istifadə oluna biləcək əşyalar əldə ediblər və səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən saxlanılıblar. Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ancaq DTX-nın məlumatında hücumun hansı səfirliyə qarşı planlaşdırıldığı açıqlanmamışdı.
“Ynetnews” yazır ki, son illərdə Azərbaycan təhlükəsizlik xidmətləri Bakıdakı İsrail səfirliyinə qarşı bir neçə planlaşdırılan hücumu önləyib.
“İsrail səfirliyi ölkədə ən çox təhlükə altında olan obyektlərdən biridir və xüsusi mühafizə olunur”, – nəşr qeyd edir.