İranda kütləvi etirazlar zamanı həlak olanların sayı 6126 nəfərə çatıb.
Bu barədə HRANA insan haqları qrupunun yanvarın 26-sına olan məlumatında bildirilir.
Ölənlərin 5777-si etirazçı, 86-sı 18 yaşadək uşaq, 214-ü təhlükəsizlik qüvvələrinin əməkdaşı, 49-u isə etirazlarda iştirak etməyən şəxslər, yaxud mülki vətəndaşlardır. Qrupun məlumatına görə, 17 min 91 ölüm halı hələ də araşdırılır.
Prezident Donald Tramp yanvarın 26-da deyib ki, ABŞ İran yaxınlığında böyük qüvvələr cəmləşdirib və Tehranın dialoqa hazır olduğuna əmindir.
“İran yaxınlığında böyük bir armadamız var. Venesuela yaxınlığındakı Amerika qüvvələrindən daha çoxdur. Onlar razılaşma əldə etmək istəyirlər. Bilirəm, dəfələrlə zəng ediblər, danışmaq istəyirlər”, – Tramp belə deyib.
Bu arada, “NetBlocks” un məlumatına görə, artıq 19 gündür ki, Iranda internet kəsilib. Məhdudiyyəti aradan qaldırmaq məqsədilə istifadə olunan VPN və oxşar vasitələrin də işləməsi daha ciddi şəkildə məhdudlaşdırılıb.
İranın rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşemi bildirib ki, İranda internetin fasilələrlə işləməsi ölkənin makroiqtisadiyyatına ciddi zərər vurur və gündəlik itkilər 50 trilyon rial (təxminən 50 milyon dollar) səviyyəsində qiymətləndirilir. Haşemi qeyd edib ki, fasilələr rəqəmsal iqtisadiyyata gündəlik 5 trilyon rial (təxminən 5 milyon dollar) itkiyə səbəb olur. O, vurğulayıb ki, rəqəmsal sektor İran iqtisadiyyatının ən azı 5%-ni təşkil edir və burada təxminən 10 milyon insan çalışır.
“Şirkətlər və onlayn iş yerləri bu vəziyyətə təxminən 20 gün dözə bilər və hazırda ölkə bu həddə yaxınlaşır. Mövcud resurslardan istifadə edərək nəticələrin yumşaldılması üçün indi tədbirlər görmək çox vacibdir. Dəstək kiçik müəssisələrdən başlamalıdır, baxmayaraq ki, hazırda ciddi problemlər iri şirkətləri də əhatə edir. Ümid var ki, yaxın vaxtlarda normal əlaqə bərpa olunacaq,” – Haşemi bildirib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı hər hansı hərbi əməliyyatda öz hava məkanı, ərazisi və sularından istifadəni qadağan edib.
Xarici İşlər Nazirliyi yanvarın 26-da yayılan bəyanatda bildirib ki, BƏƏ heç bir logistik dəstək göstərməyəcək və hərbi əməliyyat üçün öz resurslarından istifadəyə icazə verməyəcək.
Bəyanat ABŞ-nin Yaxın Şərqə böyük donanma göndərməsindən sonra verilib. ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, heç bir qarşıdurma baş verməsini istəmir, lakin hərbi müdaxilə ehtimalını da tam istisna etmir.
İranda etirazlar 2025-ci il dekabrın 28-də artan inflyasiya və milli valyutanın dəyər itirməsinə etiraz olaraq başlayıb və sonradan ölkə üzrə yayılıb. Hakimiyyət etirazları yatırmaq üçün zor tətbiq edib.