Ali Məhkəmə Möhyəddin Orucovun şikayətini təmin etməyib

Foto: Möhyəddin Orucovun şəxsi arxivindən

Həbsdə olan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov barəsində çıxarılmış hökmə dair kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə bu gün keçirilən iclas hakim Şahin Yusifovun sədrliyi ilə baş tutub.

Orucovun vəkili Nazim Musayev çıxış edərək müdafiə etdiyi şəxs barəsində bəraət qərarı verilməsini istəyib. Lakin məhkəmə şikayəti əsaslı hesab etməyib və aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Möhyəddin Orucov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan narkotik vasitələrin saxlanılması) maddəsi ilə təqsirli bilinərək 2025-ci ilin fevral ayında 3 il müddətinə azadlıqdan məhrum edilib.

Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədilə külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Hüquq-mühafizə orqanları iddia edir ki, saxlanılarkən onun üzərindən narkotik maddə aşkarlanıb.

Fəalın tərəfdarları və “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası isə bu ittihamların əsassız olduğunu bildirir. Təşkilatın açıqlamasında deyilir ki, Orucov barəsində başlanmış cinayət işi və ona çıxarılan hökm sifarişlidir və reallığı əks etdirmir.

Hazırda Konfederasiyanın sədri də daxil olmaqla dörd üzvü həbsdədir. Təşkilat rəhbərliyi bu həbsləri həmkarlar ittifaqının fəaliyyətinə təzyiq kimi qiymətləndirir.

Ana səhifəSiyasətAli Məhkəmə Möhyəddin Orucovun şikayətini təmin etməyib