Bir qrup beynəlxalq akademik və hüquq müdafiəçisi Azərbaycanlı siyasi şərhçi və politoloq Bəhruz Səmədovun azadlığa buraxılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Müraciətdə qeyd olunur ki, ötən il iyunun 23-də məhkəmə Bəhruz Səmədovu 15 il azadlıqdan məhrum edib. Müraciətə görə, dinc anti-müharibə mövqeyinə görə ona qarşı ittiham irəli sürülüb.
Məktub müəllifləri bildirirlər ki, dinc fəallara qarşı bu cür münasibət Avropa İttifaqı və ABŞ ilə sıx iqtisadi və mədəni əlaqələri olan müasir Azərbaycan üçün qəbuledilməzdir.
Müraciətdə vurğulanır ki, Bəhruz Səmədov hazırda 11 saylı Cəzaçəkmə Müəssisəsində təkadamlıq kamerada saxlanılır və onun Bakıdan 60 kilometr aralıda yerləşən Umbakı həbsxanasına köçürüləcəyi ilə hədələndiyi bildirilir. Müəlliflər Umbakı həbsxanasının ağır və qeyri-insani şəraitilə tanındığını qeyd ediblər.
Məktubda deyilir ki, Bəhruz Səmədov həbsdə olduğu müddətdə iki dəfə intihara cəhd edib və bu səbəbdən Umbakı həbsxanasına köçürülməsi onun həyatı üçün ciddi təhlükə yaradır. Həmçinin qeyd olunur ki, onun yeganə yaxın qohumu olan nənəsi həmin məsafəyə görə nəvəsini ziyarət edə bilməyəcək.
Müraciətdə bildirilir ki, Azərbaycan və Ermənistan arasında aparılan son sülh danışıqlarına baxmayaraq, Bəhruz Səmədovun hökmü apellyasiya instansiyasında dəyişdirilmədən saxlanılıb. Məktub müəlliflərinin sözlərinə görə, onun “cinayəti” yalnız erməni tələbələr və dinc fəallarla əlaqədə olmaqdan ibarətdir.
Müəlliflər Əliyevi “sülh və mərhəmət yolunu davam etdirməyə” çağıraraq, Bəhruz Səmədovun cəzasına yenidən baxılmasını və onun azad, dinc həyat sürməsinə imkan verilməsini xahiş ediblər.
Müraciəti imzalayanlar Lyublyana Universitetinin fəlsəfə professoru
Slavoy Jijek, Bakı Araşdırmalar İnstitutunun direktoru Altay Göyüşov, Trento Universitetinin professoru Alessandra Russo, OVD-Info insan hüquqları təşkilatının həmtəsisçisi Daniil Beilinsondur.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.