Ağır cinayətlərin yüngül cəzaları

Foto: Doidam 10\shutterstock

Son zamanlar Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı törədilən seksual təcavüz faktları ictimailəşsə də, bu cinayətlərin böyük hissəsi zorlamaya görə nəzərdə tutulan maddələrlə deyil, daha yüngül hüquqi kvalifikasiyalarla istintaq olunur. Nəticədə azyaşlılara qarşı ağır cinayətlər həm hüquqi, həm də ictimai müstəvidə daha az təhlükəli kimi təqdim edilir, təqsirləndirilən şəxslər isə nisbətən yüngül cəzalarla üzləşirlər.

“Məqsədəuyğun deyil”

Yanvarın 11-də Beyləqanda 15 yaşlı yeniyetmənin 3 nəfər tərəfindən təcavüzə məruz qalması barədə məlumatlar yayıldı. Yeniyetmə qız “Azərbaycan Uşaqları” İctimai Birliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Bu barədə birliyin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. Daha sonra Ağazadə hadisəni polisə yönləndirib.

Faktla bağlı 5 nəfər – Hikmət Əkbərli, İkram Süleymanlı, Həzi Sadıqov, Xəyal Qəhrəmanov, Elgün Aslanlı həbs olunub. Onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.4.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxslərin bəzilərinin iş adamlarının övladı olduğu deyilir. Onların arasında Xəyal Qəhrəmanov Beyləqanda iş adamı kimi tanınan Qəhrəman Qəhrəmanovun oğludur. Qəhrəman Qəhrəmanovun adı indiyədək mediada seçki saxtakarlığında, tender qazanmasında, qanunsuz tikintilərdə hallanır.  

Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə ilə əlaqə saxlamağa çalışsaq da, birlikdən bildirildi ki, Ağazadə hazırda ölkədə olmadığından suallarımızı cavablandıra bilməyəcək. Birliyin mətbuat xidmətinin rəhbəri Rüfət Zəkizadə Meydan TV-yə açıqlamasında qeyd etdi ki, müraciət qaynar xəttə daxil olduqdan sonra Daxili İşlər Nazirliyinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yönləndirilib. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Qurum bildirib ki, uşağın təhlükəsizliyinin və məxfiliyinin təmin edilməsi məqsədilə əlavə məlumatların verilməsini məqsədəuyğun hesab etmirlər. 

Qeyd edək ki, bundan öncəki müraciətlərimizdə də, Kəmalə Ağazadə ölkədə olmadığını qeyd etmişdi.

“Psixoloji yardıma ehtiyacı yoxdur”

Feminist aktivist Gülnara Mehdiyeva deyir ki, əgər hadisə ictimailəşibsə, təcavüzə məruz qalan azyaşlının təhlükəsizliyi qorunmaqla, qurum rəsmiləri hadisə ilə bağlı məlumat verməlidir.

Gulnara Mehdiyeva
Foto: Meydan TV

Əslində mövzu azyaşlıya qarşı seksual xarakterli cinayətlərdirsə, burda anonimliyin qorunması məsələsi də təbii ki, qalır. Bu cür cinayətlərlə əlaqədar məhkəmələr də qapalı keçirilir. Lakin mövzu artıq ictimailəşibsə, hadisənin təfərrüatlarını, zərərçəkənin adını və hadisənin dəqiq ünvanını bölüşməli olmasalar da, dövlət qurumları öz tərəflərindən hansı tədbirlərin görüldüyünə dair məlumat verməyə borcludurlar. Məsələn zərərçəkənə psixoloji yardım göstərilibmi, vəziyyəti qənaətbəxşdirmi, sosial işçilər məşğul olurmu, əgər hadisə barədə şagirdin oxuduğu məktəbdə şayiələr yayılıbsa, məktəb işçiləri və siniflə söhbət aparılıbmı və s. Yəni dövlət öz məsuliyyətini necə yerinə yetirdiyini bizə bildirməlidir. Bu, həm də ona görə lazımdır ki, gələcəkdə başqa zərərçəkən uşaqlar da dövlətin onlara dəstəyinə arxayın olaraq cinayət barədə məlumat verə bilsinlər. Lakin mənim təcrübəmdə dəfələrlə olub ki, qurumlar etinasızlıq göstərib. Hətta bir dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsi 16 yaşında, davamlı təcavüzə məruz qalan uşaq üçün “psixoloji yardıma ehtiyacı yoxdur” deyib, dəstəkdən boyun qaçırmışdı, – deyə Mehdiyeva açıqlamasında bildirib.

Mehdiyeva həmçinin qeyd edib ki, ötən il Qaxda 13 yaşlı qızın bir neçə şəxs tərəfindən təcavüzə məruz qalması xəbərini paylaşmışdı. Onların arasında polisin olduğu da deyilirdi. O bildirib ki, qurumlar bu məsələni nəzarətə götürdüyünü bildirib.

Lakin Kəmalə Ağazadə daha əvvəl – (ötən il avqustun 28-də) bu məsələ ilə bağlı sosial media hesabında, hadisədə polisin iştirak etmədiyini qeyd etmiş və Gülnara Mehdiyevanı yalan məlumat verməkdə günahlandırmışdı. Daxili İşlər Nazirliyi isə məsələ ilə bağlı rəsmi açıqlama verməmişdi.

Ağır faktlar, yüngül maddələr

Son bir il ərzində Azərbaycanda bir neçə bu tip təcavüz hadisəsi baş verib. Əksər hallarda təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 152-ci maddəsinin bir sıra bəndləri ilə ittiham olunurlar. Azərbaycanda təcrübə onu göstərir ki, bu maddə ilə şəxslər daha az cəza alırlar. Cinayət Məcəlləsinin 152-ci maddəsi on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri nəzərdə tutur və əsasən zor tətbiqi və ya hədələmə elementi olmayan hallara şamil edilir. Məhz bu hüquqi fərq səbəbindən, eyni mahiyyətli bəzi əməllər daha ağır hesab olunan 149-cu maddə (zorlamaya görə) deyil, 152-ci maddə ilə izah edilir. Nəticədə təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan cəza hədləri də xeyli aşağı olur.

2025-ci ildə azyaşlılara qarşı daha bir neçə təcavüz hadisəsi baş verib. Naxçıvanda 15 yaşlı yeniyetmə üçü hərbçi olmaqla 4 nəfər tərəfindən təcavüzə məruz qalmışdı. Onlardan biri cinayət məsuliyyətinə cəlb olunmayıb, digərləri 2-4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər bir təcavüz hadisəsi Ağdamda baş verib. 16 yaşlı yeniyetmə 4 nəfər tərəfindən təcavüzə məruz qalıb. Təqsirləndirilənlərdən üçü 4 ay, bir nəfəri isə 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan onların nə qədər cəza alması ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib.

Başqa bir hadisə Yardımlıda baş verib. Belə ki, 8-ci sinif şagirdinə qarşı “təcavüz etmə və fahişəliyə cəlb etmə” faktı qeydə alınıb. İşlə bağlı 4 nəfər həbs edilib. Onların barəsində Cinayət Məcəlləsinin 171 (yetkinlik yaşına çatmayanları fahişəliyə, və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə əlaqədər digər şübhəli şəxslərin olduğu bildirilib.

Bu hadisələrlə bağlı mediaya və ictimaiyyətə sonda heç bir açıqlama verilmədiyindən işlərin hansı mərhələdə olduğunu və təqsirləndirilənlərin bir çoxunun nə qədər cəza aldığı ilə bağlı məlumat yoxdur. 

Xarici təcrübə

Xarici ölkələrin də cinayət-hüquq təcrübəsində zorlama faktının mövcud olmasına baxmayaraq, ittihamın daha yüngül və ya “oxşar” maddə ilə irəli sürülməsi halları mövcuddur və bu, hüquqi baxımdan birmənalı qarşılanmır.

Bir sıra ölkələrdə ittihamın hansı maddə ilə verilməsi faktiki halların sübut edilə bilmə dərəcəsindən asılı olur. Əgər məhkəmə və ya prokurorluq zor tətbiqinin, razılığın olmamasının və ya hədənin sübut yükünün tam qarşılanmadığını hesab edirsə, praktikada zorlama maddəsi əvəzinə “cinsi məcburetmə”, “cinsi toxunulmazlığın pozulması” kimi daha geniş və ya yüngül tərkibli maddələr seçilə bilər.

Bu cür yanaşma formal olaraq qanuna uyğun sayılsa da, bir çox ölkədə hüquqşünaslar və insan hüquqları təşkilatları tərəfindən tənqid edilir. Tənqidlərin əsas arqumenti ondan ibarətdir ki, zorlama faktının daha yüngül maddə ilə kvalifikasiya olunması:

  • cinayətin ictimai təhlükəliliyini azaldılmış kimi göstərir,
  • zərərçəkənin hüquqi və psixoloji tanınmasını zəiflədir,
  • və cinsi zorakılıqla mübarizədə “yumşaq reaksiya” təəssüratı yaradır.

Eyni zamanda, bəzi hüquq sistemlərində bu cür yanaşma “cəzanın yüngülləşdirilməsi” kimi deyil, ittihamın məhkəmədə sübuta yetirilə bilən minimum hüquqi həddə uyğunlaşdırılması kimi izah olunur. Bu halda məqsəd cinayəti kiçiltmək yox, sübut yükü baxımından dağılmayacaq maddə üzrə hökm çıxarılmasını təmin etməkdir.

Psixoloq Nərmin Şahmarzadə deyir ki, dövlət zərərçəkənin bəyanını təsdiqləsə də, onun uşaq olduğunu prioritetləşdirmir. 

Foto: Şəxsi “Facebook” səhifəsindən

“Bəyan və maddə arasında ortaq və fərqli elementlər var. Hüquq-mühafizə orqanları zərərçəkənin bəyan etdiyi 1) seksual münasibəti/əlaqəni təsdiqləyir, 2) zərərçəkənin yetkin şəxs olmadığını tanıyır, 3) hətta uşaq olduğunu da tanıyır. Amma dövlət açdığı cinayət işində zərərçəkənin uşaq olduğunu prioritetləşdirmir, psixoloji vəziyyətini, travma ehtimalını nəzərə almır, 4) ən əsası cinayəti əskik şərh edir. Çünki açdığı cinayət işində ittiham edilən şəxslər zərərçəkənin etdiyi bəyan əsasında – zorakılıqda ittiham edilmirlər, yetkin olmayan şəxslə seksual münasibətdə ittiham edilirlər. Bunlar fərqli şeylərdir. Polisin, prokurorluğun bu maddə ilə cinayət işi açmağı o halda məntiqli olardı ki, şəxsin etdiyi əməl azyaşlı ilə təsadüfən və ya bilərək, onu zorakılığa məruz qoymadan onunla seksual nələrsə yaşamaq ehtimalları daşısaydı və ehtimallar tutarlı dəlillərlə sübuta yetirilmiş olsaydı. Burada zərərçəkən öz dili ilə bəyan edir ki, o, seksual zorakılığa məruz qalıb”, – deyə psixoloq vurğulayıb.

Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi üzrə bir neçə qurum fəalliyət göstərir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanları, Azerbaijan Child Helpline (Uşaq Qaynar Xətti), Uşaq hüquqları üzrə yerli QHT birlikləri, SOS Children’s Villages (Azərbaycan) kimi qurumlar bu məsələlərdə səssiz qalmaları ilə yadda qalır. Aidiyyəti qurumlar azyaşlılara qarşı cinsi zorakılıq halları ilə bağlı mövqe bildirmir, öhdəliklərinə daxil olan müdafiə mexanizmlərinin necə icra edildiyini və qurbanların təhlükəsizliyinin necə təmin olunduğunu açıqlamır. Qanunvericiliklə üzərlərinə düşən vəzifələrin icrası barədə ictimaiyyətə hər hansı hesabatın verilməməsi isə bu sahədə real fəaliyyətin olub-olmadığını sual altına qoyur.

“Razılığı” olub…

Bu cür hadisələrdə Prokurorluğun apardığı “araşdırma”nın nəticəsi kimi tez-tez zərərçəkənin razılığı olması qeyd olunur və işin Cinayət Məcəlləsinin 149-cu maddəsindən çıxarılaraq 152-ci maddə ilə aparıldığı bildirilir. Bu da zorakılığın mahiyyətinin dəyişdirilməsinə və təqsirləndirilən şəxsin daha yüngül cəza almasına səbəb olur.

Hüquqşünas Fariz Namazlı deyir ki, zərərçəkmiş 16 yaşına çatmayan şəxsdirsə, artıq onun razılığının heç bir önəmi yoxdur

Fariz Namazlı foto sosial şəbəkə
Foto: Meydan TV

“Hətta 16 yaşına çatmayan bir şəxsin razılığı belə zorlama kimi qəbul edilir. Zorlama 149-cu maddə ilə göstərilir. Yəni zorlama anlayışının özü insanın iradəsi əleyhinə baş verməsidir. 152-ci maddədə şəxsin özünün razılığı ilədir, sadəcə 16 yaşına çatmayan razılığı olsa belə bunun özü də cinayət məsuliyyəti daşıyır”, – Namazlı qeyd edib. 

Psixoloq Nərmin Şahmarzadənin sözlərinə görə, “razılıq” ifadəsi hüquqi kontekstdə heç bir halda ittiham edilən şəxslərin işini yüngülləşdirmək üçün istifadə edilə bilməz. 

“Adətən, bu ifadə ona görə işlədilir ki, məhz ittiham edilən şəxs cinayət tərkibindən, digər cinayətlərdən azad görünsün. Digər cinayətlər məhz bəhsi keçən xəbərdəki kimi zorakılıq cinayətini də ifadə edir. Zorakılığın bir neçə növü var və zorakılıq hər zaman kiminsə əl-qolunun bağlandığı, fiziki çarəsiz qaldığı hal deyil. Həm də psixoloji haldır. Yəni zərərçəkənlər fiziki azadlıq kimi qiymətləndirilən hallarda da zorakılığa məruz qala bilərlər: şantaj, hədə-qorxu, manipulyasiya (pozitiv və neqativ), iqtisadi və s. üsullarla”, – deyə psixoloq bildirir.

Ekspertizanın zərəri

Nərmin Şahmarzadə vurğulayır ki, azyaşlılar ifadə verərkən və tibbi ekspertiza keçirərkən psixoloji sarsıntı keçirirlər. Bu səbəbdən onlarla işləyən müstəntiqlərin psixoloji biliklərinin olması vacibdir.

“Təcrübələrim göstərir ki, zorakılıq qurbanı, ələlxüsus kişi tərəfindən zorakılığa məruz qalan zərərçəkənlər üçün inkluziv mühit yaradılmır, onlar əvvəldən tanımadıqları, kostyumlu, zəhmli müstəntiqlər, ekspertlər tərəfindən dəyərləndirilirlər. Vaginal yoxlamalar (tibbi ekspertiza) zərərçəkənlər üçün olduqca ağrılı ola bilir. Zorakılıq bəyanı və faktla bağlı ilkin sübutlarla belə bir şəxs zərərçəkən kimi tanınırsa, həmin şəxsin psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Xüsusən də zərərçəkən azyaşlıdırsa, onunla peşəkar pedoqoji və psixoloji bilikləri olan müstəntiqlər, ekspertlər işləməlidirlər”, – deyə Şahmarzadə qeyd edib. 

Feminist, ictimai fəal Gülnara Mehdiyeva deyir ki, ölkədə olmadıqlarından zərərçəkənlərin sonrakı aqibətlərini öyrənməkdə çətinlik çəkirlər.

“Əlbəttə, 30-a yaxın jurnalistin həbs olunması insanların məlumatları ictimailəşdirməsinə mənfi təsir edir. Yaza, danışa biləcəkləri etibarlı mənbələr qalmır. Əgər kimsə azadlıqda qalan aktivistlərə çıxış əldə edə bilirsə, yalnız bu halda hadisədən xəbər tuturuq. Onda da bir çoxumuz ölkə xaricində olduğumuz üçün, yaxud hadisə yerinə jurnalist yönəldə bilmədiyimiz üçün gedişatı izləmək imkanlarımız da azalır. Zərərçəkənlərin sonrakı aqibətini öyrənə bilmirik”, – deyə Mehdiyeva qeyd edib.

Müstəqil mediaya qarşı total repressiyalar 2023-cü ildən etibarən başlayıb. Hazırda Azərbaycanda 30-a yaxın jurnalist həbsdədir. 

Ölkədə bu hadisələri obyektiv şəkildə araşdıra biləcək müstəqil jurnalistlərə qarşı repressiyaların nəticəsində, Azərbaycanda bu cür təcavüz halları araşdırılmamış qalır.

Ana səhifəXəbərlərAğır cinayətlərin yüngül cəzaları