2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 3,8 faiz artaraq 49,4 milyard ABŞ dollarına çatıb. Dövlət Gömrük Komitəsinin 2025-ci ilin xarici ticarətinə dair hesabatına görə, artım əsasən idxalın kəskin yüksəlməsi hesabına baş verib.
Belə ki, ötən il ixrac əməliyyatlarının həcmi 25 milyard 43 milyon dollar təşkil edib. 2024-cü illə müqayisədə ixrac həcmi 5,7 faiz azalıb. İdxalda isə əksinə, kəskin artım qeydə alınıb. 2025-ci ildə idxal əməliyyatlarının həcmi 15,7 faiz artaraq 24,3 milyard dollara çatıb.
Statistik hesabatdan görünür ki, xüsusilə dekabr ayında idxal rekord səviyyəyə yüksəlib. Belə ki, dekabr ayında idxalın həcmi 3,2 milyard dollar təşkil edərək əvvəlki aylarla müqayisədə ən yüksək həddi nümayiş etdirib. Əvvəlki aylarda orta aylıq idxal həcmləri təxminən 1,4-2 milyard dollar arasında dəyişib.
Məhz dekabr ayında baş verən kəskin idxal artımı xarici ticarət saldosuna ciddi təsir göstərib. Ümumilikdə ixracın azalması və idxalın artması nəticəsində müsbət ticarət saldosu 8,3 dəfə kiçilib. Belə ki, 2024-cü ildə 5,5 milyard dollar təşkil edən müsbət saldo 2025-ci ildə 663 milyon dollara qədər enib.
2024-cü ildə ixrac demək olar ki, bütün aylarda idxalı üstələdiyi üçün saldo əsasən müsbət qaldığını demək olar. Yalnız mart və noyabr aylarında cüzi mənfi saldo müşahidə olunub. Lakin 2025-ci il xarici ticarətdə gərginlik müşahidə olunmaqdadır. Təkcə dekabr ayında ticarət dövriyyəsində 1,5 milyard dollarlıq kəsir qeydə alınıb ki, bu da illik müsbət saldonun kəskin azalmasında əsas rol oynayıb.
Ümumilikdə, 2025-ci ilin aylar üzrə ticarət dövriyyəsinin təhlili kəsirlə başa vuran ayların sayının artdığını göstərir. Belə ki, fevral, aprel, sentyabr və noyabr aylarında müşahidə olunan mənfi saldo dekabr ayında pik həddə çatıb.
Bir ayda hansa malların idxalı kəskin artıb?
Noyabr ayı ilə müqayisədə dekabr ayında idxal olunan mal qruplarının təhlili göstərir ki, ölkədən kapital çıxışını sürətləndirən əsas amillərdən biri valyuta ehtiyatlarında qızıl aktivlərinin artırılması olub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, idxalda ən böyük pay qiymətli metallara aiddir. Xüsusilə ilin sonuna doğru bu istiqamətdə alışlar sürətlənib. Təkcə dekabr ayında 1,2 milyard dollarlıq qiymətli metal və daşlar idxal olunub. Ümumilikdə, bu bölmə üzrə illik idxal həcmi 6,3 milyard dollar təşkil edib. 2024-cü illə müqayisədə ötən il qiymətli metal və daşların idxalı dəyər ifadəsində 46,7 faiz artıb. İqtisadçıların fikrincə, Dövlət Neft Fondunun gəlirlərin diversifikasiyası məqsədilə qızıla üstünlük verməsi və bu istiqamətdə alışları artırması qiymətli metalların idxaldakı payının yüksəlməsinə səbəb olub.
Ölkədən kapital axınını sürətləndirən digər mühüm amil isə hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq edilən vergi güzəştlərinin 2026-cı il yanvarın 1-dən etibarən ləğv edilməsidir. Bu səbəbdən sözügedən sahədə fəaliyyət göstərən sahibkarlar güzəşt müddətindən yararlanmaq üçün ötən il daha çox nəqliyyat vasitəsi idxal ediblər. Nəticədə ötən il idxal olunan nəqliyyat vasitələrinin sayında 25,5 faiz artım qeydə alınıb. Bu artımda hibrid avtomobillərin payı xüsusilə yüksək olub.
Eyni zamanda güzəştlərin uzadılmayacağı ilə bağlı qərarın ilin son aylarında verilməsi dekabr ayında yerüstü nəqliyyat vasitələrinin idxalında kəskin sıçrayışa səbəb olub. Belə ki, dəyər baxımından nəqliyyat vasitələrinin illik idxalının 15,3 faizi məhz dekabr ayının payına düşüb. Qeyd edək ki, 2025-ci ildə ümumilikdə 2,7 milyard dollarlıq nəqliyyat vasitəsi idxal edilib.
İxracdakı azalmanın əsas səbəbinə gəlincə, neft-qaz gəlirlərinin azalması buna birbaşa təsir göstərib. Məlum olduğu kimi, Azərbaycanın ixracı hələ də yüksək dərəcədə enerji resurslarından asılıdır və ötən il ixracın 85,5 faizi neft-qaz sektorunun payına düşüb. 2025-ci ildə enerji resurslarının satışından əldə olunan gəlirlər 21,4 milyard dollar təşkil edib. Bu, əvvəlki illə müqayisədə təxminən 1,78 milyard dollar və ya 7,6 faiz azalma deməkdir.