Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş həbsxanadan yazır:
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib. Onlar arasında Azərbaycanda ən məhşuru Xaçaturyan Vaqif Çerkezi idi. O, Cinayət Məcəlləsinin 2 maddəsilə – soyqırımı və əhalini deportasiya etmə və ya məcbur etmədə təqsirli bilinirdi. Bu maddələrlə 15 il azadlıqdan məhrum edilmişdi. Xaçaturyanın məhkəməsində ifadə verən şahidlər onun və dəstəsinin insanları diri-diri yandırdıqlarını deyirdilər. Həmçinin insanların girov götürüldüyü bildirilirdi.
Bu səbəbdən də erməni məhbusların öz ölkəsinə verilməsi çoxunun, xüsusilə illərlə İlham Əliyevin müharibə, qisas çağırışlarını ikiəlli dəstəkləyən kəsimin narazılığına səbəb olub. Mən hələ o məhkəmələrdə şahidlik edənlərin əhvalından söz açmıram. Hətta ölkədə 400-dək siyasi məhbus olduğu halda bu addımın atılmasını qınayanlar da var.
Öncə onu deyim ki, erməni məhbusların Ermənistana qaytarılması hadisəsinə münasibətim müsbətdir. Bir sülhpərvər kimi sülh quruculuğu, bərqərarı, əlaqələrin dərinləşməsi yolunda atılan addımları alqışlayıram. Hesab edirəm ki, hər iki xalq müharibədən kifayət qədər əziyyət çəkib və təkrar qonşuluq münasibətlərinin qurulması üçün yaşanan faciələri tarixin səhifələrinə gömmək, qisas hissindən uzaq durmaq lazımdır. Ən azı gələcək nəsillərin, cavanların ölməməsi üçün bu vacibdir.
Qaldı Azərbaycan hökümətinin bunu humanist addım kimi qiymətləndirməsinə, bu qənaətdə deyiləm, razılaşmıram. Bu addım İlham Əliyevin ABŞ Konqresi nümayəndələri ilə görüşündən sonra atılıb və məqsəd sırf ABŞ-nin, xüsusilə indi dünyanı addımlarıyla şoka salan Trampın istəyini həyata keçirməkdir. Bu, həmçinin digər beynəlxalq təşkilatların Azərbaycanla bağlı nəzərdə tutulan sanksiya və qətnamələrinin qarşısını almağa xidmət edir.
Təbii ki, nəticə çox önəmlidir ancaq məqsədi də gözardı etmək olmaz. Avropa və ABŞ təsisatlarının daha çox bu konteksdən yanaşması da Azərbaycan hökumətinin insan haqlarına özünə sərf edən prizmadan baxmasına səbəb olur.
Digər siyasi məhbuslara gəlincə, onlar İlham Əliyevin şəxsi düşman hesab etdikləri şəxslərdir. Bu şəxslər, yəni biz hakimiyyətin iradəsi ilə hərəkət edən itaətkar vətəndaşlar olmadığımız üçün cəzalandırılırıq. Burada bizim əqidəmiz, vətəndaş mövqeyimiz yox, məhz hakimiyyətə münasibətimiz rol oynayır. Məsələn, Meydan TV əməkdaşları heç vaxt İlham Əliyevin müharibə siyasətini dəstəkləməyib. O dövrdə də, indi də sülhün tərəfdarı olublar. Eyni zamanda həbs olunan siyasilərin əksəriyyəti İlham Əliyevin müharibə çağırışlarını dəstəkləyənlər, həmin vaxt onun yanında olanlar, hətta müharibədə iştirak edənlərdir. Deməli, həbsimizdə ictimai mövqeyimiz yox, İlham Əliyev hakimiyyətinə münasibətimiz rol oynayır. Qısası şəxsi düşmən, ümumi düşməndən təhlükəli sayılır.
Buna ümid edəcək qədər sadəlövh olmasam da, hesab edirəm ki, beynəlxalq təsisatllar, xüsusilə ABŞ Azərbaycanla bağlı məsələlərə tam anlamında insan haqları çərçivəsində yanaşmalıdır. Rəngarəngliyin, ifadə azadlığının olmadığı bir ölkə ilə münasibətlərin səmimiləşməsi ən azı dünyaya meydan oxuyan təsisatların dəyərlərinə ziddir. Həmçinin öz vətəndaşının fikirlərinə hörmət etməyən, onu saymayan bir hakimiyyət də humanist ola bilməz. Humanizm ya var, ya yox, bu, fərdlərə, münasibətlərə uyğun dəyişməməlidir.
Aynur Elgünəş