Bu gün, yanvarın 13-də Avropa İnsan Haqları Məhkəməsi ictimai fəal Elgiz Qəhrəmanın iki ayrı şikayəti ilə bağlı qərar qəbul edib.
Bu barədə vəkil Fariz Namazlı özünün “Facebook” səhifəsində məlumat yayıb.
Vəkil bildirib ki, Nemət Kərimli ilə birlikdə apardıqları ayrı-ayrı şikayətlər üzrə yekun qərar verilib. Bildirib ki, 2016-cı ildə ictimai fəal Elgiz Qəhrəman “Facebook” sosial şəbəkəsində yazdığı tənqidi statusdan sonra həbs edilib və işgəncəyə məruz qalıb.
“Ona CM-nin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,…hazırlama,… və ya satmaq) maddəsi ilə ittiham elan edilib və məhkəmə tərəfindən 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib, Ali Məhkəmə onun əməlini CM-nin 234.1-ci maddəsinə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) tövsif edərək cəzanı 3 il müddətinə təyin edib. Ərizəçinin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması iddiası ilə bağlı məhkəmə qeyd edib ki, yerli hakimiyyət orqanları cinayət işinin başlanmasından imtina edərkən, ərizəçinin ifadələrinin onu pis rəftara məruz qoyduğu iddia edilən polis əməkdaşlarının ifadələrindən nə üçün daha az etibarlı hesab edildiyinə dair hər hansı əsaslandırma təqdim etməyiblər və beləcə Konvensiyanın 3-cü maddəsinin prosessual aspekti üzrə pozuntu baş verib”, – deyə Namazlı yazıb.
Həmçinin Məhkəmə qeyd edib ki, məhkəmə iclası zamanı fəalın dəmir qəfəsdə əyləşməsi onun ləyaqətini alçaldan rəftar kimi hesab edilib və Konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi tanınıb.
Sonda Məhkəmənin qərarı ilə mənəvi zərərə görə ictimai fəal Elgiz Qəhrəmana 10.000 avro, hüquqi xərclərə görə 2054,81avro dəyərində kompensasiya ödənilməsi təyin edilib.
Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün barəsində həbs qətimkan tədbiri seçilib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.
Qəhrəman 2019-cu il martın 17-də Əfv sərəncamı ilə azadlığa çıxıb.