“Polis bölməsində bizə işgəncə vermək məqsədilə ayaq üstə dayanmağa məcbur edirdilər, çömbəlməyə və divara söykənməyə qoymurdular. Oturduğumuz zaman isə təpikləyərək yenidən ayağa qaldırırdılar. Tualetə getməyə icazə vermirdilər; bir neçə nəfər dözə bilməyərək şalvarını islatdı. Polislər bizi təhqir edir, söyür və ələ salırdılar. Halı pisləşənlərə isə əhəmiyyət vermirdilər”.
Bu sözləri Meydan TV-yə dekabrın 27-də Bakının mərkəzində quir icmasına yaxın “Labyrinth” klubunda polis reydi nəticəsində saxlanılan LGBTQ+ fərdlərindən biri deyib. Hadisə zamanı 106 nəfər LGBTQ+ vətəndaş saxlanılıb. Onların bəziləri həyati təhlükəyə görə adlarını açıqlamamaq şərtilə Nəsimi Rayon Polis Bölməsində üzləşdikləri təzyiq, zorakılıq, alçaldıcı rəftar, pul tələb olunması və hətta seksual zorakılıq barədə danışıblar.
“Gecə saat 1 radələrində polislər qəfil kluba basqın etdilər. Bizi zorla itələyib polis maşınlarına yığdılar. Üç nəfərlik yerə altı adam oturdaraq, bizi Nəsimi Rayon Polis Bölməsinə apardılar və düz iki saat qışın soyuğunda, nazik paltarlarda çöldə saxladılar. Sonra tək-tək otaqlara salıb, intim həyatımız və orientasiyamızla bağlı alçaldıcı və iyrənc suallar verməyə başladılar”, – saxlanılanlardan biri deyir.
Onun sözlərinə görə, bir nəfər polislərin suallarına sərt cavab verdiyi üçün döyülüb:
“Polisə cavab qaytardığı üçün onu başqa otağa apardılar. Geri qaytaranda üz-gözü qan içində idi, dodağı da partlamışdı. Hətta üç nəfər polis onun başına işəmişdi. Ona necə hədə-qorxu gəlmişdilərsə, soruşanda deyirdi ki, kluba gəlməmişdən əvvəl kiminləsə dalaşıb. Sonradan başqa polislər onun boynuna zorla qoydular ki, üzündəki yaralar “patı” çəkdiyinə görə yaranıb”.
“Bizdən əsgərlikdə olub-olmadığımızı soruşurdular. Çox adam əsgərlikdə olmadığını bildirdi. Polislərdən biri də dedi ki, əsgərlikdə öyrənməli olduğunuz şeyi burada sizə öyrədəcəyəm. Bizi sıraya düzərək “düzlən” komandası verdi və əlavə etdi ki, kimsə dizini büksə, sıradan azacıq tərpənsə, onu zorlayacaq. Bizi iki saat həmin vəziyyətdə saxladılar. Zamanla fərqli polislər gəlib telefonları ilə üzümüzü çəkirdilər. Telefonlarımızı alıb, şəxsi mesajlarımızı və şəkillərimizə baxdılar. Bəzilərinin çılpaq şəkillərini öz telefonlarına köçürdülər”, – başqa bir LGBTQ+ fərdi danışır.
“Bizə dedilər ki, klubda narkotik çəkdiyimiz üçün saxlanmışıq. Amma sübut olmadığı üçün 106 nəfərin hamısını qapalı məkanda siqaret çəkdiyinə görə 30 manat, bəzilərini isə 50 manat cərimələdilər. Dedilər ki, pulu ödəməsəniz, sizi buraxmayacağıq”, – deyə fərdlər bildirir.
LGBTQ+ aktivisti Əli Məlikov Meydan TV-yə deyib ki, baş verənlərdə əsas səbəb Azərbaycanda bütün müstəqil qruplar üzərində total nəzarət qurmaq istəyidir:
“Biz “normativ və itaətkar” modelə uyğun gəlmirik. Hakimiyyət cəmiyyətdəki transfobiyanı açıq şəkildə dəstəkləməsə də, bunu bir alət kimi istifadə edir və icmamıza qarşı mütəmadi reydlər həyata keçirir. Baş verənlər bizim üçün yeni hadisə deyil. Bu ilin əvvəlində polislər gey tanışlıq saytlarına girərək insanların məlumatlarını toplayıb onları şantaj etmişdi”.
Əli Məlikov baş verənlərin başqa bir səbəbini də qanunvericilikdə seksual orientasiya və gender kimliyi ilə bağlı ayrı-seçkiliyi qadağan edən qanunun olmaması ilə izah edir:
“Sosial və iqtisadi problemlər, həmçinin siyasi təzyiqlər o qədər artıb ki, Azərbaycanda bizi qoruyacaq müstəqil institutlar qalmayıb. Polis zəif və müdafiəsiz insanları sıxışdırmaq və onlardan əlavə pul almaq üçün vasitə kimi istifadə edir”.
“International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association – Europe” (ILGA-Europe) baş verənlərlə bağlı narahatlıq ifadə edən bəyanat yayıb və Azərbaycanda hər kəs üçün insan hüquqları və ləyaqətin qorunmasını xatırladıb.
Azərbaycan artıq 9 ildir ki, ILGA-Europe-un göy qurşağı reytinqində 49 ölkə arasında sonuncu yerdədir.
Hakimiyyət isə ölkədə heç bir şəxsin hüquqlarının pozulmadığını bildirir.