“Meydançılar” məhkəmədə etiraz olaraq mahnı oxuyublar: “Qaçaqmalçı, mal göstər”

Meydan TV işi

Bu gün, dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi keçirilib.

Prosesə hakim Aytən Əliyeva sədrlik edib.

Prosesdə əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hakim Aytən Əliyeva bildirib ki, Dövlət Vergi Xidməti (DVX) bu işdə ittiham olunanlara qarşı 79 min 589 manatlıq mülki iddia qaldırıb. Məhkəmədə Dövlət Vergi Xidmətinin nümayəndəsi Fatimə Əhmədova iştirak edib.

Vəkil Zibeydə Sadıqova vəsatət qaldıraraq bildirib ki, məhkəmə ictimai maraq kəsb edir, təqsirləndirilən şəxslərin hamısı jurnalistdir bu səbəbdən audio və çəkiliş aparmağa icazə verilsin. 

Məhkəmə vəsatəti təmin etməyib. Hakim deyib ki, açıq məhkəmə prosesidir istənilən media nümayəndəsi iştirak edib, qeydlərini götürə bilər. 

Daha sonra Meydan TV-nin baş redaktoru Aynur Qənbərovanın (Elgünəş) ötən prosesdə əlillik və məcburi köçkünlük kartının ibtidai istintaq tərəfindən qaytarılmaması ilə bağlı verdiyi vəsatətə baxılıb və məhkəmə vəsatəti təmin edib. 

Daha sonra Aynur Elgünəş iti Maksla görüşməsi ilə bağlı vəsatət verib. Hakim bildirib ki, İstintaq Təcridxanasına ev heyvanlarının daxil olması nəzərdə tutulmayıb. Elgünəşsə deyib ki, qanunda bununla bağlı hər hansı bir qadağa da yoxdur.

Hakim bu vəsatətlə bağlı müvafiq icra orqanına sorğu göndərilməsini qeyd edib. 

“Meydan TV işi”nə görə həbs olunan arqument.az saytının baş redaktoru Şəmşad Ağa proses zamanı vəsatət verərək deyib ki, istintaq hərəkətləri nömrələnmiş blanklarla aparılmalıdır və cinayət içinin materialları belə olmalıdır ki, onu saxtalaşdırmaq mümkün olmasın. Şəmşad Ağa tələb edib ki, həmin nömrələnmiş sənədlər onlara təqdim olunsun.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim deyib ki, buna sənədlərin tətbiqi mərhələsində baxılacaq.

Bundan sonra Şəmşad Ağa etiraz edərək qeyd edib ki, istintaq sənədlərinin heç biri qanunun tələblərinə uyğun olaraq nömrələnmiş blanklarda aparılmayıb. Çünki sonradan ora istənilən tarix yazıla bilər. O deyib ki, heç bir hüquqi qüvvəsi olmayan sənədlərlə burada məhkəmə keçirilir, bu o deməkdir ki, məhkəmə özü qanuna əməl etmir. “Belə olan halda bu məhkəmə deyil məzhəkədir”, – deyə o bildirib. 

“Biz burada qanunsuz saxlanılırıq. Bir dəstə adam yığışıb qanunsuz sənədlərlə bizim üçün məhkəmə qurub burada. Bu ayıbdır”, – deyə Şəmşad Ağa çıxışında bildirib. 

Vəkil Rövşanə Rəhimli onlara sübutların qiymətləndirilməsi qərarının təqdim olunması ilə bağlı vəsatət verib. 

Hakim bununla bağlı vəkil otağında sənədlərlə tanış ola biləcəklərini qeyd edib.

Vəkil Nazim Musayev isə vəsatət verərək vurğulayıb ki, cinayət işinin materialı qanunvericiliyə uyğun tərtib olunmadığına və xüsusi nömrələnmiş blanklarda olmadığına görə onlar yolverilməz sübut hesab olunsun və cinayət işindən xaric olunsun. 

Hakim vəsatəti təmin etməyib.

Daha sonra çıxış edən jurnalist Ülviyyə Quliyeva (Əli) deyib ki, onun 2 telefonu və kompüteri müsadirə olunub. 

“Telefonumda ailəm, səyahətlərim və başqa hadisələrlə bağlı çoxlu şəkillərim və videolarım var idi. Onların mənim üçün mənəvi dəyərləri var. Xahiş edirəm cihazlar qaytarılmasa belə şəkillər və videolar harasa köçürülüb mənə qaytarılsın”, – deyə o, bildirib.

Jurnalist Fatimə Mövlamlı isə çıxışında deyib ki, onun telefonundan əlavə anasının telefonu da müsadirə edilib. Mövlamlı ona aid olmayan cihazların qaytarılmasını tələb edib. 

Sonda ittiham aktı oxunmağa başlayıb. İttiham aktı oxunarkən Meydan TV-nin qadın jurnalistləri mahnı oxumağa başlayıblar. Onlar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru”nun sözlərini dəyişərək ittiham aktına bu formada etirazlarını bildiriblər: 

“Qaçaqmalçı, mal göstər,

Mülklərini aç göstər.

Göstər, göstər hər nə var,

Xalqın öyrənmək istər.

Ah, nə gözəl ölkədir,

Hamısı bir əldədir,

Hər tərəfi türmədir, türmə, türmə.

Ondan bir azadlıq qoparsaydım,

Oynardım mən doyunca-doyunca”.

Bundan sonra məhkəmə prosesi təxirə salınıb.

Növbəti proses 2026-cı il yanvarın 16-na təyin edilib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov saxlanılıb.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəXəbərlər“Meydançılar” məhkəmədə etiraz olaraq mahnı oxuyublar: “Qaçaqmalçı, mal göstər”