CPJ: “Meydan TV işi” Azərbaycanda müstəqil mediaya təzyiqlərin əsassız olduğunu göstərir”

Jurnalistlərin Müdafiə Komitəsi (CPJ)“Meydan TV işi” üzrə həbs olunan jurnalistlərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti “Meydan TV işi” üzrə həbs olunan jurnalistləri və bu çərçivədə həbs olunan digər şəxsləri dərhal azad etməlidir.

“Mükafat sahibi Meydan TV-yə qarşı açılmış iş üzrə 11 jurnalist və tanınmış jurnalistika müəllimi Aynur Elgünəşin mühakimə olunması Azərbaycanda müstəqil mətbuata qarşı aparılan təzyiqlərin nə qədər genişmiqyaslı və əsassız olduğunu bir daha göstərir”, – deyə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya proqramı üzrə koordinatoru Gulnoza Said bildirib. 

Bəyanatda bildirilir ki, jurnalistlər “qaçaqmalıçıq” maddəsi üzrə ittiham olunurlar və bu maddə ilə onları 12 ilədək həbs cəzası gözləyir.

“Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyəti təşkilatlarından xarici qrantlar almaq üçün dövlətin razılığını tələb edir. Hakimiyyət orqanları media qurumlarını bu tələbi yerinə yetirməməkdə ittiham edir. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi oxşar işlər üzrə qərarlarında qeyd edib ki, bu cür pozuntuya görə Azərbaycan qanunvericiliyində cinayət deyil, cərimə nəzərdə tutulur. Müstəqil ekspertlər bildirirlər ki, hakimiyyət orqanları xarici qrant almaq istəyən müstəqil təşkilatların qeydiyyatından imtina edir və bu da həmin vəsaitlərin qanuni yolla əldə olunmasını faktiki olaraq mümkünsüz edir”, -deyə Gulnoza Said bəyanatda açıqlamasında qeyd edib.

Həmçinin bəyanatda qeyd edilir ki, həbslərin fonunda Azərbaycanın Qərb ölkələri ilə münasibətləri pisləşib. Habelə 2023-cü ildə Dağlıq Qarabağın hərbi yolla geri alınmasından sonra vətəndaş cəmiyyətinə və siyasi müxalifətə qarşı təzyiqlər artıb. Bundan başqa hakimiyyət xarici mediaların ölkədə fəaliyyətini məhdudlaşdırıb, xaricdə yaşayan tanınmış jurnalistlərə qarşı ağır ittihamlar irəli sürülüb.

CPJ məsələ ilə bağlı Prezident İlham Əliyevin ofisinə sorğu göndərsə də, cavab ala bilməyib.

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin hazırlıq iclası keçirilib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov saxlanılıb.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəMeydan TV işiCPJ: “Meydan TV işi” Azərbaycanda müstəqil mediaya təzyiqlərin əsassız olduğunu göstərir”