Hüquq müdafiəçisi “Meydan TV işi” ilə bağlı İlham Əliyevə müraciət edib

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva “Meydan TV işi” ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Komitə sədri müraciətində bildirib ki, həbs olunan jurnalistlərin heç birinin fəaliyyəti dövlətə qarşı yönəlmiş niyyət daşımayıb.

Onların fəaliyyəti peşə borcları və fikir ifadəsi ilə bağlı olub ki, bu da jurnalist və vətəndaş fəallarının işinin təbii hissəsidir. Konstruktiv tənqid cəmiyyətlə dövlət arasında etimadı möhkəmləndirir və idarəetmənin təkmilləşməsinə kömək edir”.

Arzu Abdullayeva. Foto: Meydan TV

Arzu Abdullayeva Bakı Ağır Cinayətlər Məhkəməsində artıq araşdırılması başlayan cinayət işi üzrə ittiham olunanlar barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini və jurnalistlərin məhkəmə zalından azad edilməsini Prezidentdən xahiş edib.

“Bu qərar dövlətlə vətəndaş cəmiyyəti arasında yeni münasibətlərin başlanğıcını təmin edən güclü humanitar jest olar, cəmiyyətdə etimadı artırar, dövlətin nüfuzunu yüksəldər və Azərbaycan dövlətçiliyinin ən yaxşı ənənələrinə uyğun gələrdi”,- deyə hüquq müdafiəçisi müraciətində bildirib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov saxlanılıb.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açıldı.   

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə hazırlıq iclası keçiriləcək. Prosesə hakim Aytən Əliyeva sədrlik edəcək.

Ana səhifəSiyasətHüquq müdafiəçisi “Meydan TV işi” ilə bağlı İlham Əliyevə müraciət edib