“Amnesty İnternational” “Meydan TV işi” ilə bağlı bəyanat yayıb

Kollaj: Meydan TV

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Meydan TV əməkdaşlarının həbsinin 1 ili ilə bağlı bəyanat yayıb.

Təşkilat bəyanatında bildirib ki, Meydan TV-nin əməkdaşları uydurma qaçaqmalçılıq ittihamı ilə həbsdədirlər.

“Azərbaycan hakimiyyətinin Meydan TV-yə qarşı kütləvi repressiyalara başlamasından bir il ötür. Bu media resursu ilə əlaqəli jurnalistləri və media işçilərini uydurma “qaçaqmalçılıq” ittihamları ilə həbs ediblər. Onlar sadəcə öz işlərini gördükləri üçün – korrupsiya, ədalətsizlik və insan haqları pozuntularını işıqlandırdıqları üçün həbsxanaya göndəriliblər”, – deyə təşkilatın bəyanatında  deyilir.

“Amnesty İnternational” həbs olunan jurnalistlərin dərhal azadlığa buraxılmasını, repressiyalara son qoyulmasına çağırır.

“12 dekabrda həbs olunanlara qarşı məhkəmə proseslərinin başlaması ilə “Amnesty International”  “Meydan TV işi” üzrə qanunsuz olaraq saxlanılan bütün 12 jurnalistin və media işçisinin dərhal azadlığa buraxılmasına və Azərbaycanda müstəqil mediaya qarşı daha geniş repressiyalara son qoyulmasına çağırır”, – deyə bəyanatda bildirilir.

Dekabrın 6-da Azərbaycan hakimiyyətinin başlatdığı “Meydan TV işi”ndən 1 il ötdü.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açıldı.   

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar  bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə hazırlıq iclası keçiriləcək. Prosesə hakim Aytən Əliyeva sədrlik edəcək.

Ana səhifəSiyasət“Amnesty İnternational” “Meydan TV işi” ilə bağlı bəyanat yayıb