Sezgin Rüstəmov: “Atam o ifadəni işgəncə altında verib”
AXCP sədri Əli Kərimlinin həbsindən sonra hökumətyönlü mediada Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun 2018-ci ildə dindirilməsi zamanı çəkilmiş video görüntüləri paylaşılmağa başlandı. Həmin videoda Rüstəmov partiyaya necə pul göndərməyi barədə danışır.
Ötən şənbə, noyabrın 29-da Əli Kərimli və bir neçə partiya funksioneri ilə birlikdə Saleh Rüstəmov da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıldı. Bir gün sonra vəkili Bəhruz Bayramov onun DTX-də dindirildikdən sonra sərbəst buraxıldığını bildirdi.
Elə həmin vaxt bir neçə iqtidaryönlü media Saleh Rüstəmovun DTX-də dindirilməsi videosunu yaymağa başladı. Amma dindirmənin indi deyil, 7 il əvvəl çəkildiyi qeyd olunmadı.
Dekabrın 1-də Meydan TV-yə müsahibə verən Cəmil Həsənli 2018-ci ildə çəkilmiş bu videonun indi yayılması məsələsinə aydınlıq gətirdi. Həsənli Əli Kərimliyə qarşı açılan cinayət işində ifadə vermək üçün DTX-yə çağırılmışdı.
“Mən dünən DTX-yə gedəndə Saleh Rüstəmovla qapıda rastlaşdıq və o bildirdi ki, birinci həbs dövründə ondan işgəncə altında ifadələr alınmışdı. Və Rüstəmov dünənki istintaqda həmin ifadəsində imtina edib”, – deyə Cəmil Həsənli bildirib.
Qeyd edilən video dərc ediləndən sonra Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov və vəkili Bəhruz Bayramov Meydan TV ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirmək istədiklərini bildirdilər.
Sezgin Rüstəmov deyir ki, hökümətyönlü media son günlər mümkün qədər çox yalan xəbərlər yaymağa çalışır, bu da onlardan biridir.
“Bu videonun indi yayılmasının birdən çox səbəbi ola bilər, amma biz düşünürük ki, əsasən Əli Kərimliyə qarşı ola biləcək materialdır deyə indi yayılır”, – Sezgin Rüstəmov belə deyib.
Saleh Rüstəmov 2019-cu ildə Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaq və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaq ittihamı ilə 7 il 3 ay müddətinə həbs edilib. 2021-ci ildə Rüstəmov həbsinə etiraz olaraq 40 günlük aclıq edib.
2022-ci il may ayında Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Vəkil Bəhruz Bayramov da bildirir ki, Rüstəmov bu ifadələri işgəncə altında məcbur qalaraq verib.
“Qardaşı oğlunu döyüblər, toka veriblər, o da məcbur olub deyib ki, nə istəyirsiniz deyim. Bütün qohumlarının əmlaklarını müsadirə ediblər. Adamı bacısı qızının yasına qoymayıblar”, – deyə vəkil bildirib.
Sezgin Rüstəmov atasına və əmisi oğluna edilən işgəncələrin detallarını da açıqlayıb:
“Atam 2018-ci ilin may ayının 8-də, əmim oğlu isə 2 gün sonra, mayın onunda “Bandotdel” [Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi] əməkdaşları tərəfindən saxlanılmışdılar. Əmim oğlunun saxlanılmasının əsas səbəbi atama təsir etmək olub. Atama qohum qadınların ünvanlarını sadalamağa başladılar və təhdid etdilər ki, onları da buraya gətirəcəyik. Atam xatırlayır ki, bu söz deyilənin gecəsi qadın səsləri gəlməyə başladı və o dəhşətə gəlib düşündü ki, həqiqətən də onları gətiriblər. Bu da işə yaramayandan sonra təhdid edirdilər ki, əmim oğlunu onun qabağında zorlayacaqlar və gecə də əmim oğlunu atamın saxlanıldığı otaqla yan otaqda bütün gecə ərzində toka vermək daxil ən ağır işgəncələrə məruz qoyublar. Həmin gecənin səhəri də, müstəntiq atamın otağına gülə-gülə girib “deyəsən, gecə yaxşı yatmamısan?”, – sualını ünvanlamışdı. Bu səbəblərə görə, atam video çəkilişə deməyə razı olmuşdu ki, hər ay böyük məbləğdə vəsaitlər göndərirdi. Amma bu, yalandır. Onu da qeyd edim ki, “Bandotdel” əməkdaşları bu video ilə qane olmamışdılar və yeni daha geniş video çəkilməsini tələb edirdilər, amma daha atam nisbətən özünə gəlmişdi deyə nə etsələr də razı olmadı”, – deyə Sezgin Rüstəmov bildirib.
Sezgin Rüstəmovun sözlərinə görə, işgəncələrdən sonra atasının səhhətində fəsadlar yaranıb və hələ də müalicə alır.
Oğlu deyir ki, noyabrın 29-da DTX Gədəbəy rayon şöbəsinin əməkdaşları Rüstəmovun qaldığı evə gəlib, onu idarəyə dəvət ediblər. Bir gün sonra Saleh Rüstəmov Bakıya gətirilib. Burada ondan işgəncə altında 6 il əvvəl verdiyi ifadəsini təsdiq etməyi tələb ediblər.
Rusiya vətəndaşı olan və 2022-ci ildə həbsdən azad edildikdən sonra Rusiyaya ailəsinin yanına qayıdan Saleh Rüstəmov bu il, noyabrın ortalarında vəfat edən bacısı qızının yas mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Yasdan sonra evinə qayıtmaq istəyən Rüstəmov hava limanında Azərbaycandan çıxışına qadağa qoyulduğunu öyrənib. Çıxış qadağasının səbəbləri ilə bağlı Rüstəmov vəkili ilə birlikdə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etsələr də, o vaxt onlara bu haqda heç bir məlumat verilməyib.