Müxalifətə qarşı son basqılar: AXCP və Milli Şura fəaliyyətini davam etdirə biləcəkmi?

Cəmil Həsənli və Əli Kərimli “Məhsul” stadionundakı mitinqdə. Foto: Əziz Kərimov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində bu gün həbs qətimkan tədbiri seçildi.  

Siyasətçilər noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən (DTX) tərəfindən saxlanılmışdılar. 

Əli Kərimli və Məmməd İbrahimə qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb.

Bir çox media orqanları son baş verən hadisələrin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğunu bildirirlər. 

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Onun barəsində oktyabrın 14-də 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Noyabrın 29-da həmçinin AXCP-nin bir neçə funksioneri, həmçinin 2019-cu ildə AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunaraq 7 il 3 ay azadlıqdan məhrum edilən, bir müddət sonra isə azadlığa buraxılan Saleh Rüstəmov da DTX əməkdaşları tərəfindən saxlanılıb. Onlar sonradan sərbəst buraxılıblar.

DTX-ya çağırılanlar arasında Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli də var. O, noyabrın 30-da şahid qismində dindirildikdən sonra sərbəst buraxılıb.

Noyabrın 30-na keçən gecə hazırda İstanbulda olan Milli Şuranın Koordinasiya Şurasının üzvü  Gültəkin Hacıbəyli də Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını özünün “Facebook” hesabında yazaraq bildirib. 

Hüquq mühafizə orqanlarının ölkənin aparıcı müxalifət partiyasına və təşkilatına qarşı apardığı bu əməliyyatdan sonra AXCP və Demokratik Qüvvələrin Milli Şurası fəaliyyətini davam etdirə biləcəkmi?

Partiya kollegial idarə olunurdu, bütün strukturları yerindədir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Meydan TV-yə bildirib ki, partiya fəaliyyətini  əvvəlki qaydada davam etdirəcək:

Seymur Həzi
Seymur Həzi, Foto:: Meydan TV

“AXCP-yə qarşı hökumətin planlarını hər zaman gözləmişik və Əli Kərimlinin həbsi bu prosesin bir hissəsidir. Hökumətin sovet ittifaqından üzü bəri Xalq Cəbhəsinə qarşı bu cür sui-qəsd planları olub və olacaq. Ona görə də bu bizi qətiyyən narahat etmir. 2020-ci ildə partiyanın Rəyasət Heyətinin üçdə ikisi həbs olunmuşdu. Partiya yenə faəliyyətini göstərirdi. Sadəcə, blokadada idi, partiya faktiki sədrin iştirakı olmadan idarə olunub. Biz artıq bu təcrübəyə malikik”. 

Seymur Həzi bildirib ki, partiya üzvləri Əli Kərimlinin azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəklər:

“Həbslər davam etsə də, sivil, demokratik, hüquqi mübarizəmizi davam etdirəcəyik. Partiyanın nizamnaməsi və proqram sənədləri partiya üzvlərinin mübarizə aparması üçün bir yol xəritəsi rolunu oynayır və təcrübəli siyasətçilər AXCP-də mübarizəni davam etdirəcəklər. Partiya kollegial idarə olunurdu, bütün strukturları yerindədir. Bundan sonra da fəaliyyətini nizamnaməsinə uyğun davam etdirəcək”.

Görək, başımıza nə gəlir…

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli təşkilatın gələcək aqibəti ilə bağlı qeyri-müəyyən fikirdədir:

Cəmil Həsənli, Foto: Meydan TV
Cəmil Həsənli, Foto: Meydan TV

 “Milli Şuranın bundan sonrakı fəaliyyəti ilə bağlı konkret bir fikrim yoxdur. Görək, başımıza nə gəlir, sonrasında bir şey fikirləşərik. Milli Şura ictimai təşkilatdır və rəsmi qeydiyyatı yoxdur. Qeyri-hökumət təşkilatı olmadığı üçün rəsmi üzvlük vəsiqəsi mövcud deyil. Təşkilat yalnız ictimai əsaslarla fəaliyyət göstərir. Ona görə də Şuranın buraxıb-buraxmamağın hansısa bir siyasi anlamı yoxdur. Mübarizəyə gəlincə, hər halda həbs olunmasaq, sözümüzü deyəcəyik”.

Deputat: “AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır” 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib ki, indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır:

Əli Hüseynli
Əli Hüseynli. Foto: Report.az

“Postsovet ölkələrinin çoxunda bu tip siyasi partiyalar ya ləğv edilib, ya da artıq fəaliyyət göstərmir. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra siyasi səhnədə yeni vəziyyət və yeni dialoq mühiti yarandı. Bu şəraitdə AXCP kimi bir partiyanın yenidən qeydiyyatdan keçməsi mənə təəccüblü göründü. Çünki həmin partiya İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbəni belə qəbul etmirdi. Ola bilsin, bu onların son şansı idi. Təəssüf ki, görünür, bu şansdan da düzgün istifadə etmədilər”,- deputat belə deyib. 

Ana səhifəSiyasətMüxalifətə qarşı son basqılar: AXCP və Milli Şura fəaliyyətini davam etdirə biləcəkmi?