Hesabat: Azərbaycanın sərhədlərindən kənara çıxan repressiya

Foto-kollaj: Meydan TV

Xaricdə yaşayan və barəsində cinayət işi açılmış ictimai şəxslər barəsində hesabat hazırlanıb.

Hesabatı hüquqşünas Səməd Rəhimli hazırlayıb.

Beynəlxalq təşkilatlar üçün hazırlanmış “Azərbaycanda Repressiyaya Son Kampaniyası” adlı sənəddə qeyd olunur ki, Azərbaycan hakimiyyəti mühacirətdə olan jurnalistləri, aktivistləri, alimləri və insan hüquqları müdafiəçilərini susdurmaqla repressiyanı ölkə sərhədlərindən kənara yaymağa çalışır.

“Qiyabi məhkəmələr, açıq çağırışlar, beynəlxalq axtarış orderləri və ekstradisiya mexanizmlərindən sui-istifadə mühacirətdə yaşayan tənqidçilər üçün səyahət risklərini artırır və onların fəaliyyətinə maneə yaradır”, – hesabatda deyilir.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarına istinad edən Səməd Rəhimli yazır ki, sərhədləri aşan repressiya xaricdə zorakılığı, ekstradisiya tələbləri vasitəsilə təzyiqi, rəqəmsal hücumları və ölkə daxilindəki qohumlara qarşı basqını əhatə edir:

“Azərbaycan bütün bu üsullardan müxtəlif dərəcələrdə istifadə edir. Mühacirətdə yaşayan tənqidçilər üçün bu proseslər qəbul edən ölkələrdə əlavə təhlükələr yaradır. Hətta ekstradisiya tələbi rədd edilsə belə, siyasi motivli axtarış bildirişləri sorğu-sual, müvəqqəti saxlanma və hərəkət məhdudiyyətinə səbəb ola bilər”.

Hesabata görə, Azərbaycan daxilində qalan ailə üzvlərinə də təzyiqlər artır, bu isə tənqidçilərin xaricdəki fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş əlavə vasitə kimi qiymətləndirilir.

Hüquqşünas hesab edir ki, mühacirlərin yaşadığı ölkələr və beynəlxalq qurumlar bu halları transsərhəd repressiya kimi qəbul etməli və müvafiq qoruyucu tədbirlər görməlidirlər.

Son bir neçə ayda xaricdə yaşayan və Azərbaycan hakimiyyətini tənqid edən 24 nəfər barəsində əsasən, “dövlət əleyhinə çağırış” və başqa ittihamlarla qiyabi həbs qətimkan tədbiri seçilib.

Hədəfə alınan şəxslər adətən əvvəlcə ictimai şəkildə Baş Prokurorluğa çağırılır və barələrində cinayət işi açıldığı barədə məlumat verilir. Daha sonra onların iştirakı olmadan məhkəmələr keçirilir və hökm oxunur.

Onların arasında jurnalistlər Sevinc Osmanqızı və Qənimət Zahid, tarixçi Altay Göyüşov, blogerlər Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, siyasi şərhçi Ərəstun Oruclu və digər tanınmış şəxslər də var.

Ana səhifəSiyasətHesabat: Azərbaycanın sərhədlərindən kənara çıxan repressiya