Noyabrın 21-də Milli Məclisin iclasında Vergi Məcəlləsinə və daha 16 qanuna dəyişikliklər paketi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Dəyişikliklər 2026-cı ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanıb və vergi siyasəti, vergi inzibatçılığı, eləcə də vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı məsələləri əhatə edir.
Layihəyə əsasən, Vergi Məcəlləsinə ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklif olunur. Dəyişikliklər üç əsas blok üzrə qruplaşdırılıb.
Bildirilir ki, bu dəyişikliklər investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın təşviqi, vergi yükünün azaldılması, büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarətinin gücləndirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizə məqsədi daşıyır.
Paket çərçivəsində “Sosial sığorta haqqında” qanuna da dəyişikliklər nəzərdə tutulur.
Mobil telefonlara yeni vergi və rüsumlar
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, ölkəyə idxal olunan hər bir mobil telefon üçün 20 manat aksiz vergisi tutulacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün il ərzində ölkəyə gətirdiyi 1 ədəd mobil telefon bu aksizdən azad ediləcək.
“Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən isə, fiziki şəxslərin il ərzində ölkəyə gətirdikləri 1 ədəd telefondan artıq hər bir mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.
Qanun layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Ekspertlər bu dəyişikliklərin xaricdən gətirilən mobil telefonların qiymətinin artmasına səbəb ola biləcəyini düşünürlər.