Neftçalada ictimai fəalın atasına hücum edildiyi bildirilir

Foto: Vəfa Nağının şəxsi arxivindən

İctimai fəal Vəfa Nağının atasına hücum edildiyi bildirilir.

Bu barədə məlumatı Vəfa Nağı özünün sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, hadisə Neftçala rayonunun Xolqaraqaşlı kəndində “Vüsalın kafesi” adlı ictimai iaşə obyektində baş verib:

“Atam yemək yediyi yerdə bir nəfər onun üzərinə şığıyıb, başına-başına vurub, üzünü cırıb, mənim adıma nalayiq ifadələr işlədib. Atamı döyməsinin səbəbi də mən imişəm”, – deyə Vəfa Nağı bildirib.

O, atasının səhhətinin pisləşdiyini və hazırda özünü yaxşı hiss etmədiyini qeyd edib:

“Özünü çox pis hiss edir, başında güclü ağrılar var, nəfəs ala bilmir, halı pisləşib.”

İctimai fəal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək məsul şəxslərin cəzalandırılmasını tələb edib.

Vəfa Nağının fikrincə, atasına hücum edən şəxsi tanıyır və bu addımı ilə həmin şəxs onun ictimai fəalliyyətinə görə ailəsindən qisas alır.

“2020-ci ildə kəndimizdə bir qızı odlu silahla hədələyərək saçından tutub aparmış, onun paltarını soyunduraraq fotolarını çəkib kəndin gənclərinə göndərmişdi. O zaman bu hadisəni ictimailəşdirdiyim üçün bu gün ailəmədən qisas alır. O, “pullu adam” olduğu üçün həmin ağır cinayətə görə cəmi üç il cəza almış və azadlığa buraxılmışdı. Bu gün onun mənim atama hücumu və söyüşlərlə məni hədəf alması, zorakılığın və cəzasızlığın davam etdiyini göstərir”.

Vəfa Nağı qeyd edib ki, artıq atasının yaşadığı evə polis əməkdaşları gəlib, hadisə ilə maraqlanıblar.

Daxili İşlər Naziliyindən isə bildirilib ki, hadisə araşdırılır.

Ana səhifəSiyasətNeftçalada ictimai fəalın atasına hücum edildiyi bildirilir