Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Avropa Şurası Nazirlər Komitəsinə (AŞ NK) məktub ünvanlayıb.
Müraciət, Avropa Məhkəməsinin 19 aprel 2018-ci il tarixli “Məmmədli Azərbaycana qarşı” (47145/14) qərarının icrası ilə bağlı fərdi tədbirlərin vəziyyətinə və nəticələrinə dair hazırlanıb.
Sənəddə qeyd olunur ki, qərarın əsas tələbi olan bəraətin verilməsi məqsədli şəkildə gecikdirilib. Bundan əlavə, Azərbaycan tərəfinin məhkumluğun götürülməsi ilə bağlı Nazirlər Komitəsinə yanlış məlumat verdiyi bildirilib.
Məmmədli həmçinin vurğulayır ki, əvvəlki qanunsuz məhkumluq hazırda ona qarşı aparılan saxta cinayət işində ittihamı ağırlaşdıran hal kimi nəzərə alınır.
Müraciət, Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət səlahiyyətlərini müəyyənləşdirən Qaydaların 9(1) qaydası çərçivəsində təqdim olunub. Həmin qaydaya əsasən, Qayda 9(1) mexanizmi Nazirlər Komitəsini yəni Avropa Məhkəməsi qərarlarının icrasına nəzarəti həyata keçirən orqanı məlumatlandırmaq üçün nəzərdə tutulan hüquqi vasitədir.
2013-cü il dekabrın 17-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli həbs olunub. O, 2014-cü ilin mayında məhkəmə tərəfindən 5 il 6 ay azadlıqdan məhrum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.AİHM onunla bağlı işdə Konvensiya pozuntularını tanısa da, Azərbaycan hökuməti bu qərarı hələ yerinə yetirməyib.
Anar Məmmədli bu ilin aprelində yenidən həbs olunub. O, əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunsa da, sonradan ittihama bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib. Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır.
Məmmədli müraciətində qeyd edir ki, onun qanunsuz məhkumluğu ilə bağlı Avropa Məhkəməsinin yeddi il əvvəl qəbul etdiyi qərar hələ də icra olunmayıb. O, bu vəziyyəti “icra olunmayan qərarın cəza vasitəsinə çevrilməsi” adlandırır və bunun təkcə onun hüquqlarının pozulması deyil, həm də Strasburq sisteminin nüfuzuna qarşı açıq meydan oxumaq olduğunu bildirir.
Məmmədlinin sözlərinə görə, bu davranış “qitə miqyasında təhlükəli presedent yaradır” və digər dövlətlərə Avropa Məhkəməsi qərarlarını yerinə yetirməmək üçün yanlış mesaj göndərir.
O bildirir ki, 2018-ci ildə Avropa Məhkəməsinin onun xeyrinə çıxardığı qərarın hələ də icra olunmaması nəticəsində o, indi eyni və ya oxşar hal və sübutlar əsasında, daha ağırlaşdırıcı ittihamlarla üzləşib. Məmmədli iddia edir ki, Azərbaycan hökuməti illərdir qərarın icrasını təhrif edərək “məhkumluğun götürüldüyü” barədə Nazirlər Komitəsinə yanlış məlumat verib. Lakin indi ona qarşı irəli sürülmüş yeni ittiham aktının 293-cü səhifəsində əvvəlki məhkumluğun təkrarlanan cinayət yəni residiv və ağırlaşdırıcı hal kimi nəzərə alındığı qeyd olunur.
Anar Məmmədli hazırda 540 gündən çoxdur (təxminən 18 ay) Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirir. Məmmədlinin sözlərinə görə, bu müddət ərzində yerli məhkəmələr onun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə dörd dəfə qərar çıxarıb, lakin bu qərarların heç birində ədalətli məhkəmə araşdırması standartlarına riayət edilməyib.
O vurğulayır ki, məsələ artıq onun şəxsi işi ilə məhdudlaşmır və bütövlükdə Avropa insan hüquqlarının müdafiə sisteminin etibarlılığı ilə bağlıdır:
“Söhbət təkcə fərdi qərarların icrasından deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının bütün icra arxitekturasının etibarlılığından gedir”– deyə o bildirib.
Sonda Məmmədli qeyd edib ki, siyasi məhbus olmaq fərdlərin hüquqlarının pozulması ilə yanaşı həm də Avropa hüquq sisteminə təhdiddir.
“Siyasi məhbusluq təkcə fərdi hüquqların pozulması deyil, həm də demokratik dəyərlərə və Avropa hüquq sisteminə birbaşa təhdiddir… Bu qərarın icrasının yubadılması Konvensiya sisteminin bütövlüyünə zərbə vurur”- deyə Məmmədli bildirib.