Bu gün, oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesinə hakim Vüqar Seyidov sədrlik edib.
Dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.
Bəşir Süleymanlı vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarına (QHT) qarşı başlanmış cinayət işi çərçivəsində həbs edilib.
Həmin vaxt onunla yanaşı Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub. Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib. İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində də polisin nəzarəti altına vermə tədbiri seçilib.
Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.
İttihamda bildirilir ki, Bəşir Süleymanlı ABŞ-nin “German Marşal Fondu” və digər beynəlxalq təşkilatlardan sosial yönümlü layihələr həyata keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti mənimsəməkdə təqsirləndirilir. İddia edilir ki, Bəşir Süleymanlı bu əməli törədərkən Mehriban Rəhimli və digər şəxslərlə cinayət əlaqəsinə girib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib və alınan qrantlar barədə müvafiq dövlət qurumlarını məlumatlandırmayıb.
Bəşir Süleymanlı bu ittihamlar üzrə özünü təqsirli bilməyib, bu işin qurama olduğunu bildirib.
Məhkəmədə qeyd olunub ki, ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli ilə bağlı cinayət işi ayrıca araşdırılır.