Sentyabrın 23-də Meydan TV-də yayımlanan “AzParking”in işçiləri: 8 saat ərzində bir dəfə tualetə buraxırlar, etiraz edəni isə işdən çıxarırlar” yazısından sonra adıçəkilən şirkət işçilərinə qarşı təzyiqlərə və işdən çıxarmalara başlayıb.
Artıq bir nəfərin işdən çıxarıldığı, bir neçə nəfərə qarşı isə təzyiqlər edildiyi bildirilir.
İşdən çıxarılan şəxs sahə rəisi vəzifəsində çalışan Heydər Əliyevdir.
“Hazırda Meydan TV-yə danışan işçiləri axtarırlar. Hətta işçilərə xəbərdarlıq da edilib”, – şirkətdə işləyənlər Meydan TV-yə belə deyib.
“AzParking” MMC-nin bir qrup əməkdaşı Meydan TV-yə əmək şəraiti ilə bağlı narazılıqlarını bildirmişdilər.
İşlərini itirmək qorxusu ilə adlarını açıqlamayan parklanma xidməti üzrə bələdçilər bildirirdilər ki, şirkətin direktor müavini Vüqar Əlizadə işçilərə 8 saatlıq iş günü ərzində cəmi bir dəfə tualetə və çay fasiləsinə çıxmağa icazə verir.
“Şirkətdə ümumilikdə 800 nəfərə qədər işçi çalışır. Onların 400-500 nəfəri birbaşa ərazidə xidmət göstərir. Həmin əməkdaşlara gün ərzində yalnız bir dəfə tualetdən istifadə etməyə icazə verilir. İkinci dəfə icazə verilmir. Yüzlərlə bələdçi bu vəziyyətlə səssiz-səmirsiz barışaraq, bir qarın çörəyə görə işləməyə davam edir. Əmək hüquqlarını müdafiə etməyə çalışanlar isə işdən azad edilirlər”, – şikayətçilər bildirirdilər.