Aytac Tapdıq: “Əliyev hakimiyyətindən hesab istəməyə gələcəyik”

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Sentyabrın 22-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalist Aytac Əhmədovanın (Tapdıq) həbs müddəti daha 3 ay artırılıb.

Aytac Əhmədova (Tapdıq) 2024-cü ilin dekabrın 6-da saxlanılıb. 

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və onlar Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunurlar. Bu iş üzrə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri  ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Jurnalistin məhkəmədəki çıxışını olduğu kimi təqdim edirik:

“Şər və böhtan nəticəsində saxlanıldığım Bakı İstintaq Təcridxanasında 9 ayın sonunda sayəmizdə vəzifəcə “yüksələcək” müstəntiq Samir İsmayılov qəfil gəlir və 7 maddə üzrə təqsirləndirildiyimi elan edir. Tüküm belə tərpənmədən qərarı imzalayıram. Kim yeni verilən 7 ittihamı bu qədər laqeydlik və soyuqqanlılıqla imzalaya bilər ki? – Biz. Çünki həbsimizin “spoiler”ni yemişik. Bu filmi daha öncə izləmişik. Dirənişçi həmkarlarımız sayəsində mühakimə olunmadan hökmümüzü bilən adamlar olaraq biz nəyə təəccüblənə bilərik?

Deməyim budur ki, mən nə hüquq-mühafizə orqanlarının işçilərini, nə hakimliyi imitasiya edən bu şəxsləri ciddi qəbul edirəm.

Siz – cinayətə ortaq olanlar – qürrələnməyin. Siz Əliyev rejiminin yaşaması və qorunması üçün bir gün tək-tək istifadə olunub kənara atılacaqsınız. Azad iradənin nə demək olduğunu bilmədən bu dünyadan köçüb gedəcəksiniz.

Biz jurnalistlər üçün meydan indi başlayır. İndiyə kimi bizi xəbərlərimizlə, araşdırmalarımızla, video reportajlarımızla tanıyan hakimiyyəti bir neçə ay sonra başlanacaq məhkəməmizdə üzbəüz ifşa edəcəyik. Artıq aramızdakı baryer götürülüb.

Yaxşı hazırlaşın, bir az yaradıcı olun, sizin vasitənizlə Əliyev hakimiyyətindən hesab istəməyə gələcəyik!”.

Ana səhifəSiyasətAytac Tapdıq: “Əliyev hakimiyyətindən hesab istəməyə gələcəyik”