Ekspert: “Formula-1 heç bir ölkədə gəlir gətirmir”

Formula 1 in Baku. Source: Meydan TV

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin müqaviləsinin müddəti  2030-cu ilə qədər uzadılıb. 

Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib. 

Anlaşmaya əsasən, 2030-cu ilədək  Formula 1  yarışları Azərbaycanda  keçiriləcək.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, “Formula-1 yarşması ilə tərəfdaşlığın uzadılması Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini möhkəmləndirir”.

“Azərbaycan Qran Prisi artıq dünya çempionatının ən çox gözlənilən yarışlarından birinə çevrilib və eyni zamanda paytaxtımızın gözəlliyini, qonaqpərvərliyini və enerjisini bütün dünyaya nümayiş etdirir. Bu əməkdaşlıq ölkəmizin gələcək nəsillərə idman sevgisi aşılamaq və böyük tədbirlərə ev sahibliyi etmək istiqamətində atdığı mühüm addımdır”, – nazir deyib.

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir.

2016-cı ildən bəri Azərbaycan milyonlarla manat vəsait xərcləyərək bu yarışlara ev sahibliyi edir, lakin xərclərin detalları və ümumi məbləği açıqlanmır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təqdim etdiyi məlumata görə, 2024-cü ildə dövlət büdcəsindən yarışlara 168 milyon manat vəsait xərclənib.

Formula-1, turizm, quru sərhədlər

Rəsmi şəxslər beynəlxalq idman yarışlarının ölkəyə turist cəlb etdiyini və büdcəyə gəlir gətirdiyini vurğulayır. Lakin müstəqil ekspertlər bu fikrə şübhə ilə yanaşırlar.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə Meydan TV-yə deyir ki, iki gün davam edən yarışlar ölkəyə gəlir gətirə bilməz:

Natiq Cəfərli
Foto: Meydan.TV

“Ümumiyyətlə, Formula-1 heç bir ölkədə gəlir gətirmir. Əslində, bu yarışlar birbaşa deyil, dolayısı ilə gəlir gətirməlidir. Multiplikativ effekti (çoxaldıcı effekt) olmalıdır. Bir çox ölkələr bu yarışla turizmin inkişafına və özlərinin beynəlxalq tanıtımının gücləndirilməsinə nail olurlar. Lakin bizdə əsas problem ondan ibarətdir ki, Formula-1 yarışları keçirilsə də və turizm prioritet sahə kimi elan olunsa da, quru sərhədlər hələ də bağlıdır. Bununla da turist sayında ciddi problemlər yaşayırıq. Gürcüstan il ərzində bizdən ən azı 4-5 dəfə çox turist qəbul edir. Amma heç onların Formula-1 yarışları yoxdur”.

“Məlumatların ictimaiyyətə açıqlanmasına böyük ehtiyac var”

Yarışa xərclənən büdcə vəsaitlərinin açıqlanmamasına gəlincə, iqtisadçı deyir ki, Azərbaycanda şəffaflıqla bağlı problem sistemli və qlobal xarakter daşıyır: 

“İndiyədək heç bir sahədə büdcə xərcləmələrinə dair tam və açıq məlumat təqdim olunmayıb. Büdcə qəbul olunarkən, xüsusilə də xərclər və gəlirlərlə bağlı hissədə ciddi boşluqlar mövcuddur. Əsaslı və detallı məlumatların ictimaiyyətə açıqlanmasına böyük ehtiyac var. Bu, mütləq şəkildə baş verməlidir, amma baş vermir”.

Yarışlar zamanı şəhər mərkəzinin bağlanması, nəqliyyat problemləri və sakinlərin rahatlığının pozulmasına gəlincə, ekspert bildirir ki, insanlar bu məsələyə ciddi etiraz etmirlər:

“Yarış günlərində şəhərin mərkəzi hissəsi ən azı bir həftə tamamilə qapanır. Bir aya yaxın müddətdə isə şəhər mərkəzində avtomobillərin, sərnişinlərin, hətta sakinlərin fəaliyyətinə və rahat hərəkətinə ciddi maneələr yaranır ki, bu da problem hesab olunur. İnsanların bu məsələyə ciddi etiraz etməməsi hökumətdə belə bir düşüncənin formalaşmasına səbəb olur ki, əgər ciddi narazılıq yoxdursa və yarış Azərbaycanın tanıtımına və turizminə hər hansı formada töhfə verəcəksə, niyə də keçirilməsin? Niyə də biz bunu təşkil etməyək? Məncə, mövcud yanaşma məhz bundan ibarətdir”.

Ana səhifəSosialEkspert: “Formula-1 heç bir ölkədə gəlir gətirmir”