Azadlığa buraxıldıqdan sonra Belarusu tərk etməkdən imtina edən siyasətçi Nikolay Statkeviç Vitebsk vilayətinin Qlubokoye şəhərindəki koloniyada saxlanılır.
Bu barədə “Nasha Niva” nəşri etibarlı mənbəyə istinadla xəbər yayıb, digər detallar açıqlamır.
Statkeviç 1990-cı illərdən bəri müxalifətdədir. 2010-cu il prezident seçkilərində namizəd olub, lakin həmin seçkilərdən sonra etiraz aksiyalarının təşkilində ittiham edilərək 6 il həbsə məhkum olunub. O, əfv ərizəsi yazmaqdan imtina etsə də, Lukaşenko 2015-ci ildə onu vaxtından əvvəl azad edib. 2020-ci ilin mayında, Belarusda prezident seçkilərindən öncə Minskdə saxlanılıb. 2021-ci ilin dekabrında “kütləvi iğtişaşların təşkili” ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib. Statkeviç Vitebsk vilayətində, Qlubokoye şəhərində yerləşən 13 saylı koloniyada cəza çəkirdi.
Belarus hakimiyyəti sentyabrın 11-də 52 siyasi məhbusu azadlığa buraxıb, onların arasında 69 yaşlı Statkeviç də olub. Həmin gün onlar Litvaya deportasiya edilib. Lakin Statkeviç Belarusu tərk etməkdən imtina edib. Bir neçə saat ərzində Belarus-Litva sərhədində neytral zonada qalıb və ölkədən çıxmaq istəməyib. Daha sonra Litva Dövlət Sərhəd Xidməti bildirib ki, Statkeviç neytral zonanı tərk edib və Belarus ərazisinə qayıdıb.
Belarus müxalifət lideri Svetlana Tixanovskayanın ofisinin məlumatına görə, Statkeviç qara maskalı şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Ona ölkəni tərk etməsini məsləhət görən həmkarlarına isə Statkeviç, öz taleyini özü həll edəcəyini deyib. Onun qərarını dəyişməyəcəyi bilinəndən sonra naməlum istiqamətə aparılıb.