Bu ilin aprelində barəsində 7 illik həbs cəzası çıxarılan keçmiş diplomat Emin İbrahimov hələ də ciddi rejimli Umbakı Penitensiar Kompleksində saxlanılır.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, birinci instansiya məhkəməsinin hökmündən sonra İbrahimov Umbakıya köçürülüb. Keçmiş diplomat orada olduğu müddətdə vəkili tərəfindən apellyasiya şikayəti verilsə də, məhkəmə həmin şikayəti təmin etməyib. İbrahimov açıq rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilməli olsa da, hələ də ciddi rejimli müəssisədə saxlanılır.
Emin İbrahimova bu ilin aprelində 7 illik həbs cəzası kəsilib. İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlamaqda ittiham olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsilə təqsirli bilinib. İbrahimov özü şərlənərək həbs olunduğunu deyib.
Emin İbrahimov 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
O, Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır.
“Emin İbarihimova rəsmən işgəncə verilir. Haqqında qondarma məhkəmə [apellyasiya şikayətindən verilən qərar nəzərdə tutulur] hökmünün qüvvəyə minməsindən az qala 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, o, hələ də qapalı rejimdə saxlanılır. Bu həm konstitusiyaya, həm cəzaların icrası məcəlləsinə, həm də qoşulduğumuz Avropa Penitensiar Qaydalarına ziddir və diplomata qarşı açıq işgəncədir. Emin İbrahimov faktiki qapalı rejimli həbsxanada saxlanılır”, – Seymur Həzi bildirib.
Məsələ ilə əlaqədar Emin İbrahimovun vəkili Fəxrəddin Mehdiyev və Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Müstəqil yerli və beynəlxalq təşkilatlar Azərbaycanda onlarla siyasi məhbusun olduğunu bildirir. Bu siyahılara, əsasən, jurnalistlər, blogerlər, ictimai fəallar, müxalif siyasətçilər, dini icma üzvləri və digər hökumət tənqidçiləri daxildir.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin ən son hesabatına görə, hazırda Azərbaycanda 375 nəfər siyasi məhbus var.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını bildirir. Rəsmi açıqlamalarda deyilir ki, hüquq-mühafizə orqanları yalnız qanun pozuntularına görə hərəkət edir və heç kim siyasi baxışlarına görə təqib olunmur.