AbzasMedia-nın həbsdə olan direktoru Ülvi Həsənli İnsan Hüquqları üzrə Vatslav Havel Mükafatına namizədlər siyahısına salınıb.
Avqustun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun sədrliyi ilə Praqada keçirilən iclasda seçilmiş qısa siyahıda gürcüstanlı jurnalist, “Batumelebi” və “Netqazeti” müstəqil nəşrlərinin həmtəsisçisi Mzia Amağlobeli və ukraynalı jurnalist Maksim Butkeviçin də adı var.
Bu mükafat Avropada və onun hüdudlarından kənarda insan haqlarının müdafiəsi sahəsində müstəsna vətəndaş cəmiyyəti fəaliyyətinə görə verilir.
AŞPA-nın məlumatında deyilir ki, Ulvi Həsənli 2016-cı ildən AbzasMedia-nın direktorudur. Hələ 2011-ci ildən başlayaraq hökumətin təqiblərinə – əsassız həbslər, işgəncələr, siyasi motivli ittihamlara məruz qalıb:
“Ülvi Həsənli 2025-ci ilin iyununda 9 il həbs cəzasına məhkum edilib və hazırda ağır şəraitdə olan bir həbsxanada saxlanılır. Həbsdə bir neçə dəfə aclıq edib, cərimə otağında saxlanmasına baxmayaraq, o, mətbuat azadlığına olan sadiqliyini və müqavimət ruhunu qoruyur”.
Mükafatın qalibi bu il sentyabrın 29-da Strasburqda keçiriləcək AŞPA-nın payız plenar sessiyasının açılışında elan olunacaq.
İnsan Hüquqları üzrə Vatslav Havel Mükafatı 2013-cü ildən etibarən hər il təqdim olunur. 2014-cü ildə bu mükafata azərbaycanlı hüquq müdafiəçisi, hazırda həbsdə olan Anar Məmmədli layiq görülüb.
Ülvi Həsənli 2023-cü ilin noyabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. Onunla yanaşı, AbzasMedianın baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova, Elnarə Qasımova, direktor müavini Məhəmməd Kekalov, həmçinin araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər. Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin ən son siyahısına görə, hazırda ölkədə 375 siyasi məhbus var.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu birmənalı şəkildə rədd edir, heç kimin fərqli düşüncəsinə, siyasi mövqeyinə görə təqib olunmadığını, onların konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirlər.