Avqustun 17-də sosial şəbəkələrdə Xəzər rayonu ərazisində ehsan paylayan 6 dini inanclı qadının polis tərəfindən zorakılığa məruz qaldığına dair görüntülər yayılıb.
Onlar dini ayinlər və mərasimlər adı altında aksiyalar keçirməkdə təqsirləndirilirlər.
“Ar-Rad info” “Telegram” kanalının yaydığı məlumata görə, Şəhla Fərəcova və onunla birlikdə olan digər şəxslərin həbs olunduğu gün Xəzər Rayon Polis İdarəsinin əməkdaşları adıçəkilən qadını evinə gətiriblər.
“Polislər əvvəlcə küçədə evin təhlükəsizlik kameralarını üzü yuxarı qaldırıb və işıqları söndürüblər. Ardınca həyətə çoxsaylı xüsusi təyinatlı dəstələr (qara maskalılar) daxil olaraq axtarış aparıblar. Bundan sonra xüsusi təyinatlılar Fərəcovanın evinə giriblər. Müstəntiq və yanında olan polis əməkdaşları Şəhla Fərəcovanın evindəki şkafın içinə üzərində “Ya Hüseyn” yazısı olan flaşkart qoyublar. Həmçinin kitablarının arasına üz qabığı ağ rəngdə olan qalın bir kitab qoyublar. Fərəcova həmin kitaba diqqət yetirdikdə polislərin üstünə qışqıraraq bildirib ki, “Mənim evimdə cadu kitabı yoxdur, bunu siz bilərəkdən qoymusunuz”, – məlumatda belə deyilir.
Məlumata görə, evə girən polislər Şəhla Fərəcovanın soyuducusunun içinə xüsusi “şüşə” adlanan, metamfetamin olan narkotik maddə qoyublar.
“Daha sonra polis əməkdaşları bir neçə kişi şahid də gətirib və Fərəcovanın onlarla yanaşı dayanıb şəkil çəkdirməsini tələb edib. “Mən tanımadığım, yad kişilərlə şəkil çəkdirmirəm” – deyə Şəhla Fərəcova bildirib. Müstəntiq evə qoyulan əşyaların videolarını çəkdikdən sonra həmin əşyaları da özü ilə götürərək istintaq qrupu və qara maskalılarla birlikdə evi tərk ediblər” – deyə “Ar-Rad info” “Telegram” kanalı belə yazıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumatda isə deyilir ki, hüquqazidd əməllər törətməkdə təqsirli bilinən 38 yaşlı Nigar Bağırova, 41 yaşlı Aytən İbrahimova, 44 yaşlı Şəhla Fərəcova, 50 yaşlı Xoşqədəm Quliyeva, 31 yaşlı Şərqiyyə Sadıqova və 52 yaşlı Arzu Hüseynova saxlanılıblar.
Onların əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və həmin şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
DİN zorakılıq görüntüləri ilə bağlı Meydan TV-nin sorğusunu cavablandırmayıb.