“Talış Milli Akademiyası xəbərləri” jurnalının baş redaktoru, etnik tədqiqatçı, hazırda həbs həyatı yaşayan İqbal Əbilovun kitabı nəşr olunub.
Bu barədə Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanıb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov bu il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il həbs cəzası alıb.
Rus dilində nəşr olunan “ФРАГМЕНТЫ ТАЛЫШСКОЙ РЕЧИ I” (“Talış Nitqindən Fraqmentlər I”- red.) kitabına XIX əsrin ikinci yarısında şərqşünas Boris Dornun topladığı və 2012-ci ildə Əbilovun arxivlərdə aşkar etdiyi əlyazmaların salındığı bildirilir.
“Bu materiallar talış dilinin şimal dialekti barəsində bu günədək məlum olan ən qədim elmi araşdırmalardan biri olaraq xüsusi əhəmiyyət kəsb edir”.
Kitab Əbilovun həmtəsisçisi olduğu Talış Milli Akademiyasının təsis etdiyi “Bibliotheca Talyshica” seriyasının ilk nəşridir.
“Bu seriyanın başlıca məqsədi talış dilində yazılmış, lakin indiyədək nəşr olunmamış elmi əsərlərlə yanaşı, orta əsrlərdən günümüzə qədər yaşamış talış alimlərinin elmi irsini akademik ictimaiyyətə təqdim etməkdir. Burada həmçinin dilçilik, arxeologiya, coğrafiya, antropologiya və digər sahələrə dair arxivlərdə qorunub saxlanmış, bu günə qədər ictimaiyyətə məlum olmayan tədqiqatlara da yer veriləcək”, – məlumatda belə deyilir.