Belarusda siyasi məhbusun həbsxanada öldüyü deyilir

Valentin Ştremer. Foto şəxsi arxivdən

Valentin Ştremer 2021-ci ildən bu yana Belarus həbsxanalarında ölən sayca səkkizinci siyasi məhbus oldu

Belaruslu siyasi məhbus Valentin Ştermerin həbsxanada 2025-ci ilin əvvəlində öldüyü deyilir. Bu haqda yazan “Nasha Niva” ölümün səbəbi və dəqiq tarixi barədə heç bir məlumatın olmadığını bildirir.

Siyasi məhbusun dəqiq harada – cəzaçəkmə müəssisəsində və ya xəstəxanada öldüyü də bilinmir. Nəşr Lukaşenko rejimində bu cür məlumatların gizlədildiyini yazır.

Onunla eyni cəzaçəkmə müəssisəsində olan və 2024-cü ilin yayında əfv olunaraq azadlığa çıxan siyasi məhbus Dmitri Lukşanın “Naşa Niva”ya verdiyi məlumata görə, Ştermer həbsxanada insult keçiribmiş:

“Valentin çox zəif idi. İnsultdan sonra koloniyaya gətirildi. Dəqiq bilmirəm, amma deyəsən istintaq təcridxanasında keçirib insultu. Onu karantindən bu vəziyyətdə çıxardılar. Elə bu halda da cərimə kamerasına atdılar”.

Valentin Ştermer 2023-cü ilin iyununda Rusiya ordusunun Ukraynadakı hərəkətlərini sosial şəbəkələrdə tənqid etdiyi iddia edilən səkkiz şərhinə görə saxlanılıb. Bir neçə ay sonra o, Prezidenti təhqir etməkdə, ekstremist qruplaşmada iştirakda və nifrət salmaqda ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə işə bağlı qapılar arxasında baxılıb.

Saxlanılana qədər o, fərdi sahibkarlıqdan tutmuş Qomel vilayətində yaşıllaşdırma və abadlaşdırma ilə məşğul olan “Qızıl qərənfillər” Dövlət Müəssisəsinə qədər müxtəlif yerlərdə işləyib.

Ştremerin cəza çəkdiyi 17 saylı Şklov cəzaçəkmə müəssisəsində 2021-ci ildə daha bir siyasi məhbus Vitold Aşurokun da qeyri-müəyyən şəraitdə öldüyü məlumdur.

Ştremer 2021-ci ildən bu yana Belarus həbsxanalarında ölən sayca səkkizinci siyasi məhbus oldu.

2021-2024-cü illərdə Belarusda yeddi siyasi məhbus həbsxanada vəfat edib: Vitold Aşurok, Nikolay Klimoviç, Ales Puşkin, Vadim Xrasko, İqor Lednik, Aleksandr Kuliniç və Rusiya vətəndaşı Dmitri Şletqauer.

“Viasna” insan haqları mərkəzinin bu il martın 12-nə olan məlumatına görə, Belarus həbsxanalarında “xüsuisi risk altında saxlanılan” ən azı 219 siyasi məhbus var.

Ana səhifəDünyaBelarusda siyasi məhbusun həbsxanada öldüyü deyilir