Baydenə xərçəng diaqnozu qoyulub

Co Bayden. Foto: Reuters

Hazırda Bayden ailəsi ilə birlikdə müxtəlif müalicə variantlarını müzakirə edir

ABŞ-nin keçmiş prezidenti Co Baydenə prostat vəzinin aqressiv forması olan və sümüklərə metastaz verən xərçəng diaqnozu qoyulub.

Bu barədə onun ofisindən verilən rəsmi açıqlamada bildirilib.

Məlumata görə, xəstəlik daha aqressiv xarakter daşısa da, hormonlara qarşı həssaslıq müşahidə olunur.

Bu isə müalicə imkanlarını artırır.

Hazırda Bayden ailəsi ilə birlikdə müxtəlif müalicə variantlarını müzakirə edir.

Amerika Onkologiya Cəmiyyətinin baş elmi işçisi və prostat xərçəngi üzrə ekspert Doktor Uilyam Dahat bildirib ki, xərçəng sümüklərə yayılıbsa, adətən sağalmaq mümkün olmur. Lakin o əlavə edib ki, bir çox pasiyent ilkin müalicəyə müsbət cavab verir və bu diaqnozla illərlə yaşamaq mümkündür.

Baydenin sağlamlıq vəziyyəti son illər tez-tez ictimai müzakirələrə səbəb olub.

O, ötən il yaşı və səhhəti ilə bağlı narahatlıqlara görə 2024-cü il prezident seçkilərində iştirakdan imtina etmişdi.

1942-ci il təvəllüdlü Bayden ABŞ tarixində ən yaşlı prezident olub.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, hər 100 kişidən 13-nə həyatlarının hansısa mərhələsində prostat xərçəngi diaqnozu qoyulur.

Klivlend Klinikasının araşdırmalarına əsasən isə, bu, kişilər arasında dəri xərçəngindən sonra ikinci ən çox rast gəlinən onkoloji xəstəlikdir.

Mütəxəssislər bildirirlər ki, bu xəstəlikdə yaş əsas risk faktorudur.

ABŞ Prezidenti Donald Tramp da yayılan diaqnozla bağlı narahatlığını ifadə edib və Baydenə ən xoş arzularını ünvanlayıb.

Ana səhifəDünyaBaydenə xərçəng diaqnozu qoyulub